Xalq-hakimiyyət birliyi buna bariz sübutdur
Öz adını daşıdığı fonda rəhbərlik edərək, müxtəlif ölkələrdə rəngli inqilablar törədib bu faktor üzərində milyardlar qazanan Corc Sorosun Azərbaycan üzrə növbəti planının ifşa olunaraq iflasa məruz qalması bir daha sübut etdi ki, ölkəmizdə təməlli şəkildə formalaşmış güclü dövlətçilik prinsipləri, eləcə də xalq-hakimiyyət birliyi sarsılmaz əsaslara söykənib.
Digər tərəfdən, o da bəllidir ki, son 14 ildə daha da güclənən Azərbaycan hakimiyyəti beynəlxalq siyasi arenada aktiv aktor rolunu oynamaqdadır. Daha dəqiq desək, Azərbaycan bu gün bir çox nüfuzlu beynəlxalq və regional təşkilatların üzvü olaraq beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməklə söz sahibinə çevrilib. Buna misal kimi münaqişələrin qarşısının alınmasında və həll edilməsində, terrorizmə qarşı mübarizə məsələlərində ölkəmizin böyük töhfələr verdiyini əminliklə vurğulaya bilərik.
İnkişafın Azərbaycan modeli beynəlxalq aləmdə brendə çevrilib, bu isə erməni lobbisi ilə əlbir olan Corc Sorosu narahat edir
Sosial-iqtisadi faktorlarda da bənzər uğurlar Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasını kifayət qədər ehtiva etməkdədir. Belə ki, transmilli layihələrin təşəbbüskarı və reallaşdırıcısı kimi qlobal təhlükəsizlik məsələlərində, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycan bütün bu uğurlara qısa zamanda nail olub. Ümumiyyətlə, bü gün dünyada inkişaf və tərəqqinin Azərbaycan modeli deyilən bir tandem formalaşıb ki, həmin tandem sosial, iqtisadi, siyasi, mədəni və s. sahələrdə brend olaraq qiymətləndirilir.
Söz yox ki, əldə edilən uğurları gözü götürməyən daxili və xarici mərkəzlər də mövcuddur ki, həmin dairələr nailiyyətlərə kölgə salmaqdan ötrü ən çirkin vasitələrdən – şantajlardan, böhtanlardan istifadə edib, mənfur siyasi maraqlarını reallaşdırmağa hər vəchlə səylər göstərirlər. Azərbaycanın müstəqil, qətiyyətli siyasət yürütməsi isə həmin cəhdlərin qarşısını yetərincə almaqdadır. Məhz bu dəfə də həmin halın təkrarlanması bu cür qənaətə gəlməyə zəmin yaradır. Məsələ ondadır ki, artıq bir neçə gündür, xüsusilə erməni lobbisinin anti-Azərbaycan dairələri başda Soros fondu olmaqla Qərb mediasında ölkəmizə qarşı qarayaxma kampaniyasına start veriblər. Onu da bəri başdan deyə bilərik ki, ölkəmizdə gələn il keçiriləcək prezident seçkiləri həmin mərkəzlərin fəallaşmasına səbəb olub. Çünki ötən və daha öncəki seçkilərdə mənfur planlarını gerçəkləşdirə bilməyən həmin qüvvələr bu dəfə planlarını icra edə biləcəklərini sanıblar. Bu baxımdan,
Corc Soros kimi siyasi dələduzlar, politikan fırıldaqçılar, erməni lobbisi, antiazərbaycançı qüvvələr, onların təsiri altında olan media qrupları ölkəmizə qarşı qarayaxma kampaniyasını aparmağı qarşılarına məqsəd kimi qoyublar. Onların əlaltıları olan milli satqınlar toplumu isə hər dəfə olduğu kimi, bu dəfə də nökərçilik funksiyalarını tətbiq etməyə başlayıblar.
"Franse 2” telekanalı dəfələrlə öz auditoriyasına Azərbaycanın ərazi bütövlüyünə qarşı etinasızlıq nümayiş etdirməklə, işğal altındakı Dağlıq Qarabağ bölgəsini "müstəqil respublika” kimi təqdim edib
Belə ki, bu günlərdə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan sifarişli, qara məqsədli yazı və həmin yazıya istinadən "BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan "Azərbaycan-3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı sərsəm cızma-qara "yaradıcılığı”, o cümlədən, "Guardian” qəzetində həmin məsələ ilə bağlı işıq üzü görən qərəzli, təxribatçı, əsassız məqalələr, Fransanın "France 2” telekanalının yayınladığı böhtan xarakterli reportaj qeyd olunan fikirlərin danılmaz, əyani sübutudur. Bu zaman istər-istəməz belə bir sual yaranır: necə olur ki, bir mövzu eyni gündə bir neçə Qərb media qurumlarında ictimailəşdirilir? Bu, bir təsadüf sayıla bilərmi? Əlbəttə ki, ortada heç bir təsadüf yoxdur. Bu, bir sifarişdir və həmin sifarişin kökündə erməni lobbisi və Soros fondunun dayanması şübhəsizdir!
Yeri gəlmişkən, çox haqlı və ədalətli olaraq Azərbaycan "France-2” telekanalının xanım prezidenti Delfin Ernot və onunla işbirliyində şübhəli bilinən jurnalist Elis Luseninin dindirilməsini bir neçə dəfə tələb edib. Bundan başqa, Azərbaycan tərəfi Ali Audiovizual Şuradan "France 2” kanalına sanksiyaların tətbiq olunmasını da tələb kimi irəli sürüb. Bunun səbəbi isə bu üzdəniraq teleməkanda Azərbaycan mətbuatında söz, ifadə, fikir azadlıqları ilə bağlı "Sərhədsiz Reportyorlar”ın hesabatına uyğun reportajın yer alması olub. Yeri gəlmişkən, "France 2” kanalı 2015-ci ilin 7 sentyabrında da "Sərhədsiz Reportyorlar”ın qərəzli hesabatı əsasında bu xarakterli reportaj hazırlayıb. Eyni zamanda, "Franse 2” telekanalı dəfələrlə öz auditoriyasına Azərbaycanın ərazi bütövlüyünə qarşı etinasızlıq nümayiş etdirməklə, işğal altındakı Dağlıq Qarabağ bölgəsini "müstəqil respublika” kimi təqdim edib, əməkdaşlarını isə qanunsuz olaraq həmin bölgələrə göndərərək, müxtəlif televerlişlər hazırlayıb. Belə olan halda, "Franse 2”-nin Azərbaycan əleyhinə başladılan ermənipərəst kampaniyalarda dəstəkverici rolunda çıxış etməsi təəccüb doğurmur.
Ağ ev Corc Sorosu rəsmi şəkildə terrorçu elan etməyə hazırlaşır – petisiya hazırlanıb!
Ümumiyyətlə, "The Organized Crime and Corruption Reporting Project” (OCCRP) kimi mənşəyi hansı dairələrə bağlı olduğu aşkar görünən, qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurumların şantajçı çıxışlardan və subyektiv mülahizələrdən ibarət materiallarının tirajlanması dələduz Soros fırıldağının tərkib hissəsi olaraq qiymətləndirilə bilər. Corc Sorosun erməni lobbisinə bağlılığını sübuta yetirən digər amil elə şantajçı məqalənin müəllifinin erməni olması ilə də əlqələndirilə bilər. Belə ki, "Guardian”dakı yazını erməni əsilli Dina Naqapetyanın yazdığı məlum olub.
Hazırda Cors Sorosun əsas fəaliyyətinin imperializmə dəstək prizmasını təşkil etməsi, onun rəngli inqilablar vasitəsilə anarxiya, xaos yaratmaq marağı, həmin maraqlardan yüz milyonlarla maddi gəlir əldə etməsi faktı yalnız Azərbaycanda deyil, elə Qərbin gerçəklikləri doğru şəkildə ifadə edən bir çox qurumları, siyasiləri tərəfindən də etiraf eidlir.
Yeri gəlmişkən, elə də uzağa getməyərək Corc Sorosun fəaliyyətinin ABŞ-da necə qiymətləndirilməsinə diqqət yetirək. Məsələ ondadır ki, Sorosun terrorçu elan olunması ilə bağlı prezident Donald Trampa ünvanlanan petisiyanı 70 min nəfər imzalayıb. Bu faktın özü dələduz milyarderin nə qədər təhlükə mənbəyi olmasını sübuta yetirmiş olur. Əgər belə olmasaydı, müvafiq petisiya Ağ evin rəsmi saytında yerləşdirilməzdi. O cümlədən, ABŞ prezidentinin administrasiyası tərəfindən petisiyanın baxılması üçün sentyabrın 19-dək daha 29 min imza toplanılmalıdır. Petisiyanın mətnində isə qeyd edilib: "Soros mütəmadi qaydada və bilərəkdən ABŞ-dakı stabilliyi pozmağa yönəlmiş addımlar atıb”.
Petisiyanın müəllifləri həm də hesab edirlər ki, ABŞ-ın federal hökuməti və Ədliyyə Nazirliyi Sorosu və onun bütün təşkilatlarını terrorçu elan etməlidir. Bununla yanaşı, təşəbbüskarlar milyarderin əmlakının və aktivlərinin müsadirəsi ilə bağlı da çağırış edib.Qısası, bütövlükdə Corc Sorisun fəaliyyətinə nəzər salakrən, onun bütün dünyada hansı oyunbazlıqlardan çıxmasını aşkar şəkildə görə bilərik. Lakin onun bu dəfə də Azərbaycan dövlətinə, Prezidentinə və hakimiyyətinə qarşı apardığı "qara piar” kampaniyasının iflasa məhkum olması danılmaz reallıqdır. Yazının da əvvəlində qeyd etdiyimiz kimi, xalq-hakimiyyət birliyi buna bariz sübutdur. // sia.az