Üçtərəfli Zirvə Görüşü tarixi hadisədir

Üçtərəfli  Zirvə Görüşü  tarixi hadisədir
SİYASƏT
10:54 16.12.2022
652
Ölkə Prezidenti cənab İlham Əliyevin dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarmaqla mövqeyini möhkəmləndirib. Azərbaycanın müstəqil, demokratik, azad eyni zamanda qalib ölkə olaraq dünya birliyindəki nüfuzu daha da artıb. Azərbaycanın sülhsevər, demokratik proseslərin inkişafına xüsusi önəm yetirən müstəqil dövlət olması barədə beynəlxalq aləmdə müsbət rəy formalaşdı və möhkəm inam yarandı. Beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl və məqsədyönlü iş Azərbaycanın ötən illər ərzində beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsində xüsusi rol oynayıb.
 
Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir. Cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharəti, qəhrəman oğullarımızın igidliyi və şücaəti sayəsində yenilməz Azərbaycan Ordusu tarixi missiyanı uğurla başa vurdu. Vətən müharibəsində qazanılan, tariximizə qızıl hərflərlə yazılan Zəfərimiz Azərbaycanın nə dərəcədə sarsılmaz dövlət olduğunu, xalqımızın əzmini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan və Türkiyə arasında Şuşa şəhərində imzalanan müttəfiqlik münasibətləri haqqında Bəyannamə strateji tərəfdaşlığı, xalqların maraq və mənafelərinin qorunmasını, iki dövlətin bir-birilərinin müstəqilliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə qarşılıqlı hərtərəfli dəstəyin göstərilməsini, bütün önəmli sahələr üzrə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini gündəmə gətirdi. 
Tarixi qələbə ölkəmiz  üçün yeni inkişaf perspektivləri, regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar açmaqla yanaşı, həm də onun dünyadakı siyasi çəkisini daha da artırdı. Azərbaycanın tranzit və logistika imkanlarının genişləndirilməsində mühüm əhəmiyyət kəsb etdi. Həmçinin qeyd etmək lazımdır ki, işğaldan azad edilən ərazilərimizdə nəqliyyat infrastrukturunun bərpası, eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə həm "Şərq-Qərb”, həm də "Şimal-Cənub” nəqliyyat dəhlizlərinin imkanları genişlənəcək. Region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti daha da artacaqdır. Ölkəmiz artıq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin açılması  ölkəmizə böyük imkanlar qazandıracaq.
       
Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının inşası davam etdirilir.  Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının inşasını reallaşdırması, bölgənin bərpasını sürətləndirir. Ümumiyyətlə, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi bu bölgədə yaşayan insanların rifahını təmin edəcək, həmin bölgələrin turizm imkanlarını artıracaq. Nəticə etibarilə Qarabağ geniş nəqliyyat qovşağına çevriləcək.
Bu il Azərbaycan Respublikasının Türkiyə Respublikası və Türkmənistan ilə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd olunur. Bu illər ərzində münasibətlərimiz inkişaf etmiş və yüksək səviyyəyə çatmışdır. Şübhəsiz ki, bunun əsasını xalqlarımız arasında mövcud olan tarixi, mədəni, dil və dini ortaqlıqlar təşkil edir.
Cari ilin 14 dekabr tarixində keçirilmiş Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın dövlət başçılarının Üçtərəfli Zirvə Görüşü böyük  tarixi əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Üçtərəfli Zirvə Görüşündə çıxış edərək qeyd edib ki, "Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq".
Ümumilikdə bu Üçtərəfli Zirvə Görüşü zamanı imzalanmış tarixi sənədlər, Memorandum və Sazişlər siyasi əlaqələri yüksək səviyyə olan Azərbaycan-Türkiyə-Türkmənistan arasında ticarət, enerji, nəqliyyat sahələrində yeni addımların atılmasına şərait yaratmaqla yanaşı böyük tarixi əhəmiyyət kəsb edir.
Azərbaycan, Türkiyə və Türkmənistanın böyük uğurlara imza atdığı sahələrdən biri nəqliyyat-logistika sektorudur. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir.
Üç qardaş ölkənin liderləri Xəzərin Türkmənistana aid olan hissəsində yaradılmış Avaza istirahət və möhtəşəm kurort mərkəzində reallaşan ilk Zirvə görüşündən sonra 5 mühüm sənəd imzaladılar. Bu sənədlər qardaş ölkələr arasında geosiyasi və geoiqtisadi münasibətlər baxımından əhəmiyyətli sənədlər kimi enerji ehtiyatları tədarükünün şaxələndirilməsinə, tranzit-nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə böyük töhfə verəcək. 
 
İmzalanan yeni sazişlər Azərbaycan, Türkiyə və Türkmənistan əməkdaşlığının daha da genişlənməsinə real zəmin yaradacaq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Zirvə görüşündə qeyd etdiyi kimi, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələr arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcəkdir.

Naftalan şəhər sakini Möhübbət Bədəlov

OXŞAR XƏBƏRLƏR