Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ

Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
SOSİAL
10:34 24.05.2025
582
Bakıda 3-cü uşağını qeysəriyyə üsulu ilə dünyaya gətirən 33 yaşlı Günay Məmmədova 13 gün komada qaldıqdan sonra vəfat edib. Ailəsi qadının ölümündə həkim səhkənkarlığının olduğunu iddia edir. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Xəzər TV-yə mərhumun anası danışıb. 

"Körpə uşaqdır ikisi də, heç biri qalmır. Gecələri də yatmırlar. "Anam hanı, nənə? Anam niyə gəlmir?", deyə soruşurlar...", - ana bildirib. 

Valideynin sözlərinə görə, qeysəriyyə əməliyyatı Yeni Klinikada uzman cərrah mama-ginekoloq Sevinc Məmmədova tərəfindən həyata keçirilib. Xəstə doğuşdan sonra palataya yerləşdirilib.

G.Məmmədovanın anasının dediyinə əsasən, qızında əməliyyatdan sonra qanaxma baş verib, həkimlərsə bundan gec xəbər tutublar: "Neçə dəfə UZİ-yə gedib, poliklinikada olub. Sapsağlam idi. Qızımı əməliyyat edəndən sonra aparıb palataya yerləşdiriblər. O, palatada yox, reanimasiyada qalmalı idi, 5-10 dəqiqədən bir təzyiqi ölçülməli idi. Təzyiqi ölçülsəydi, nəzarətsiz palatada qalmasaydı, biləcəkdilər ki, təzyiq düşür, demək nəsə normal deyil... Tamam təzyiqi düşüb, halı pis olub yıxılıb. Doğuşdan sonra qanaxma baş verib".

Məsələ ilə əlaqədar TƏBİB-dən bildirilib ki, ölüm halları Tibbi Şura tərəfindən və TƏBİB-in müvafiq komissiyalarında ixtisaslı mütəxəssislərin iştirakı ilə araşdırılır.

Qeyd edək ki, G.Məmmədova mayın 6-da xəstəxanaya yerləşdirilib. Qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirən qadın 13 gün komada qaldıqdan sonra, ayın 19-u vəfat edib. Ölüm hadisəsi olduğuna görə, prokurorluqdan xəstəxanaya gəliblər, meyit yarılmağa göndərilib, hazırda ekspertizanın rəyi gözlənilir.  

G.Məmmədovanın 4 və 6 yaşlı daha iki oğlu var. 
OXŞAR XƏBƏRLƏR