Dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyəti bərbaddır

MARAQLI
10:18 26.05.2011
1846
Maraqlıdır ki, 48 dövlət qurumunun saytının monitorinqini açıqlayan tədbirə 42 nümayəndəsi gəlmişdi. Bu amil MDİ əməkdaşlarını da təəccübləndirib. MDİ saytları olmayan, yaxud bərbad fəaliyyət göstər dövlət qurumlarının adlarını da açıqlamışdı. Nazirlər Kabineti, Sənaye və Energetika Nazirliyi və MTN ilk üçlükdədir. Bu günə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müdafiə Nazirliyinin, “Azərsu” ASC-in saytı yoxdur. Diaspora üzrə Dövlət Komitəsi, ARDNŞ, FHN, Kənd Təsərrüfatı Nazirliklərinin saytlarındakı informasiyalar isə ümumi səciyyə daşıyır. 

Məsələ ondadır ki, saytları bərbad olan dövlət qurumlarının mətbuat xidmətləri də normal fəaliyyət göstərmir. Məsələn, bir sıra nazirliklərin mətbuat xidmətlərinin rəhbərlərini, yaxud əməkdaşlarını tapmaq jurnalistlərin üçün çox çətindir və ya ümumiyyətlə mümkün deyil. Bu sırada Prezident Administrasiyası, Fövqəladə Hallar, ədliyyə, maliyyə, kənd təsərrüfatı nazirlikləri, gömrük, statistika komitələri, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Satınalmalar üzrə Dövlət Agentliyi, Sərhəd Qoşunlarının, ARDNŞ, “Azəriqaz” İB-nin mətbuat xidmətlərinin nə rəhbərləri, nə də əməkdaşları ilə qəzetçilərin təmas qurması qeyri-mümkündür. Eyni zamanda, milli təhlükəsizlik, vergilər, təhsil nazirliklərinin, Milli Məclisin mətbuat xidmətləri isə qəzetlərlə zəif işləyir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli də mətbuata açıq deyil. ARDNŞ və Sərhəd Qoşunlarının mətbuat xidmət xidmətlərinin telefonları əksər vaxtlarda faksa qoşulu olur. İcra hakimiyyətlərinə və bələdiyyələrə gəlincə, bu barədə müsbət məqam axtarmaq çətindir.

İnstitutun nümayəndəsi Xalid Ağaliyev qəzetimizə bildirib ki, onlar iyul ayında dövlət qurumlarının mətbuatla işləmələrinin nəticələrini açıqlayacaqlar: “Amma mən əsasən onlayn şəffaflığı hesab edirəm. Çünki onlayn şəffaflıq təmin olunduğu təqdirdə jurnalistlərin sorğu göndərməsinə və mətbuat xidmətlərinin rəhbərlərini axtarmağa ehtiyac qalmır. Əgər dövlət orqanları onlayn şəffaflığı güclü qursalar jurnalistlər mətbuat xidmətlərinə fövqəladə hallar istisna olmaqla o dərəcədə ehtiyac duymayacaqlar. Əlbəttə ki, mətbuat xidmətlərinin həftədə bir dəfə brifinq keçirməsinə ehtiyac var, amma bu sahədə ciddi böhran açıq şəkildə görünür”. X.Ağaliyev bir aydan sonra elan ediləcək monitorinqin nəticələrində telefonla və müraciət sorğularına necə cavab vermələri açıqlanacaq.

OXŞAR XƏBƏRLƏR