Oğlu Azad Mütəllibovun vəfat etməsilə əlaqədar Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun bu gecə Bakıya gələcəyi gözlənilir.
“Eks-prezident Ayaz Mütəllibov tərəfindən Azərbaycana qayıtmaq istəməsi ilə bağlı Daxili İşlər Naziriliyinə heç bir rəsmi müraciət daxil olmayıb”. AZXEBER.COM-un məlumatına görə, bu sözləri Modern.az-a açıqlamasında DİN Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib. Onun sözlərinə görə, bununla bağlı hər hansı şərh verə bilməzlər.
Qeyd edək ki, Rusiyada yaşayan eks-prezident Ayaz Mütəlibov 1992-ci ildə AXC-nin təzyiqi nəticəsində hakimiyyətdən istefa verib.
1993-95-ci illərdə Respublika Prokurorluğunda Ayaz Mütəllibov barəsində cinayət işi açılıb. O, 20 Yanvar hadisələrinin və Xocalı soyqırımının baş verməsində günahlandırılır. Cinayət Məcəlləsinin bir neçə maddəsilə ittiham olunan Mütəllibov barəsində həbs qətimkan tədbiri seçilərək axtarışa verilib.
Modern.az xəbər verir ki, Baş Prokurorluq A.Mütəllibovu Azərbaycan Nazirlər Sovetinin sədri və respublika prezidenti vəzifələrində işlədiyi, habelə istefa verəndən sonrakı dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə ittiham edir.
Baş Prokurorluğun A.Mütəllibov haqda rəsmi məlumatına görə, o, 1990-cı il yanvarın 19-da sovet ordusunun Bakıya yeridilməsi və qanlı 20 Yanvar faciəsinin törədilməsi, 1991-1992-ci illərdə Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin Azərbaycan kəndlərinə hücumlar etməsinə yol verilməsi, azərbaycanlıların blokadadan çıxarılması üçün zəruri tədbirlər görülməməsi ilə Xocalı qırğınının baş verməsinə şərait yaradıb, 1992-ci il martın 6-da prezident vəzifəsindən istefa verdikdən sonra piketlər və mitinqlər təşkil olunması və deputatlara təzyiqlər göstərilməsi yolu ilə növbədənkənar sessiyanın çağırılmasına, istefaya getməsi barədə qərarın ləğvinə nail olaraq prezident səlahiyyətlərini mənimsəyib, 1996-cı ilin əvvəllərində dövlət başçısı Heydər Əliyevə qarşı terror aktının hazırlanmasının təşkilatçısı olub, 2001-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi istiqamətində hazırlıq işləri aparıb.
A.Mütəllibovun əməlləri 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin terror aktı törətməyə hazırlığa və iştiraka görə məsuliyyət nəzərdə tutan 15-ci, 17-ci, 59-cu maddələrinin 1-ci hissəsi, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasının ağırlaşdırıcı hallarına görə məsuliyyət nəzərdə tutan 70.2-ci maddəsinin 2-ci və 3-cü hissələri, hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadənin ağırlaşdırıcı hallarına görə məsuliyyət nəzərdə tutan 167-ci maddəsinin 2-ci hissəsi, səhlənkarlığa görə məsuliyyət nəzərdə tutan 169-cu maddəsi, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkili və ya bu cür hərəkətlərdə fəal iştirak etməyə görə məsuliyyət nəzərdə tutan 188-3-cü maddəsi, özbaşına özünü vəzifəli şəxs kimi təqdimetmə və ya vəzifəli şəxsin hakimiyyətini mənimsəməyə görə məsuliyyət nəzərdə tutan 192-ci maddəsinin 1-ci hissəsi və digər maddələrin, habelə hazırda qüvvədə olan Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirmə və ya onu saxlamağa hazırlığa görə məsuliyyət nəzərdə tutan 28-ci, 278-ci maddələrinin məcmusu ilə tövsif edilərək, onun təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 2003-cü il mayın 19-da qərar çıxarılıb, istintaqdan qaçıb gizləndiyinə görə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən haqqında həbs qətimkan tədbiri seçilməklə axtarışı elan olunub.
Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov bu gün 49 yaşında vəfat edib. Mərhum Azad Mütəllibov xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Mərhumla vida mərasimi sabah 14.30 radələrində Təzə Pir məscidində baş tutacaq. O, köhnə Yasamal qəbiristanlığında babasının yanında dəfn olunacaq.
Bir neçə il əvvəl Ayaz Mütəllibov atasının dəfnində də iştirak edə bilməmişdi. İndi onun oğlunun dəfninə qatılıb-qatılmayacağı da dəqiq deyil.