Dərsin siyasətə nə dəxli? (KÖŞƏ)

KÖŞƏ
21:06 08.05.2011
2169
Onda da BDU-da dərsə gələnlər kimi bir çox qılaflar altında gizlənib dərsə gəlməyənlər, qrup nümayəndəsinin vasitəsilə dekanlıqda “qayıb pozduranlar” olurdu.

Mən bəlkə də qrupumuzun ən kasıb tələbəsi idim. Çox köhnə dəbli paltarlar geyinərdim, bəzən bir jeton almağa pulum olmadığı üçün universitetdən “İnşaatçılar” metrosunun yanında kirayə tutduğumuz evə piyada gələrdim. Bunları ona görə yazıram ki, rüşvət verib qiymət almaq heç ağlımın ucundan da keçmirdi. Yaşamağa pul güclə tapılırdı, o ki qala qiymət almağa…

Bu şərtlər altında BDU-nu əla qiymətlərlə, fərqlənmə diplomu ilə bitirdim. Kimsəyə bir manat vermədən, heç bir “tapşırığım” olmadan. Düzdür, çətin oldu, çoxlu ədalətsizliklərlə qarşılaşdım. Birinci kursda folklorşünaslıqdan imtahan vermək üçün 95 adda ədəbiyyat oxuduğum yadımdadı. Bizim həmən semestr daha 4 imtahanımız və 5 yoxlamamız vardı. O semestrin tətilində 10 gün gözlərimin qızartısı keçmədiyi üçün havaya belə çıxa bilməmişdim.

O zülmlərlə aldığım “5” dən heç bir əziyyət çəkmədən qiymət kitabçasına yazdırıb, üstündəki qızıllar, əynindəki bahalı kostyum kimi şəstlə ona-buna nümayiş etdirənlər də vardı. Bu, ədalətsizlikdi, təhsildə olmaması gərəkən nöqsanlardı. Mən bunları qəbul edirəm, amma daha uzunömürlü bir həqiqət də var. O “qırmızı diplomlar” cehiz aksessuarı kimi sandıqlara getdi, mən isə burdayam!

Rüşvətsiz və “tapşırıqsız” oxumağın nümunəsi olaraq…

***

Universitetdə cəbhəçi olmuşam, özü də fəal cəbhəçi. O zamanlar AXCP indiki kimi virtual deyildi, şəhərin mərkəzində qərargahı, parlamentdə deputat qrupu, xeyli kontingenti, cəmiyyətdə sözü olan bir partiya idi. Mən o AXCP-nin əvvəl təəssübkeşi, sonra üzvü olmuşam. Birinci kursdan etibarən mediada işlədiyim üçün bunu yazılarımda da açıq-aşkar qeyd eləmişəm. Həmişə də siyasətdən yazmışam. Elə universitet barədə oxuduğum illərdə tirajı 25-30 min nüsxə ilə hesablanan qəzetlərdə ağır tənqidlərim olub. Amma bütün bunlar nə oxumağıma mane olub, nə dərsə davamiyyətimə, nə də təhsilimin keyfiyyətinə.

***

Bu günlərin ən çox müzakirə olunan məsələsi Azərbaycan universitetlərində təhsil alan gənclərlə bağlıdır. Əvvəl onlar başladılar, universitetlərdəki neqativ halların oxumağa imkan verməməsindən danışdılar. Sonra da müəllimlər onlara cavab verdilər. Daha sonra universitetlərin adı siyasi olaylara qarışdırıldı. Bu dəfə hər iki tərəf birdən başladı… Bu, artıq üzücü, hətta təhlükəli olaydı. Mən müəllimin qladiator kimi danışmasının əleyhinə olduğum qədər tələbənin də dərsə davamiyyətini siyasi mənsubiyyəti ilə qılaflamasının əleyhinəyəm. Elm din qədər müqəddəsdir, buna görə də onun heç bir tərəfdən, heç bir formada siyasətə bulaşdırılmasının tərəfdarı deyiləm.

Bu bir həqiqətdir ki, dərsə getmək, yaxşı oxumaq, siyasi proseslərdə ağılla iştirak eləməyə mane olmur. Başqalarının dürüst olmadığını, əyri işlərlə məşğul olduğunu deyən və buna etiraz edən tələbə tənqid elədiklərinə hər hansı neqativ hərəkətini yaxalamaq şansını tanımamalıdır. İndi məlum olur ki, universitetdəki keyfiyyətsiz təhsildən şikayətlənənlərin özlərinin də çox ciddi qüsurları var. Onlar dərsə getməyiblər! Rüşvət verənlə dərsə getməyən tələbənin nə fərqi var ki? İkisi də oxumaq, öyrənmək istəmir.

Siyasi kimliyi altında gizlənib qiymət almaq istəyən tələbənin adamı, pulu olduğu üçün dərsə getməyib, qiymətini yazdırdan tələbədən heç bir fərq yoxdu. İkisi də elmə barmaqarası baxır, ikisi də gələcək üçün savadlı və normal mütəxəssis ola bilmir…

***

Tələbənin dərsdən sonrakı həyatı, sosial şəbəkələrdəki davranışı ilə bağlı şərh vermək yanlış olduğu kimi, dərsə davamiyyətsizliyi üzündən cəzalandırılan tələbəni müdafiə eləmək də səhvdir. Elmə siyasi proseslərin fonunda qiymət verilməsi çox təhlükəli tendensiyanın əsasını qoyur. Dərsə keyfiyyətsiz yanaşmasına görə təhsildən uzaqlaşdırılan gənci müdafiə eləmək emosiyası soyuq düşüncəsinə qalib gələcək yaşda olan tələbəyə
çox böyük pislik etməkdi. Bu müdafiə oxumadan, dərsə getmədən qiymət alıb, universitet bitirmək istəyən tələbəni müxalifətə gəlib, siyasi kimlik qılafı altında gizlənməyə təşviq etməkdi. İndi universitetlərdən xaric edilənləri müdafiə edən müxalifət nümayəndələri bunu düşünüblərmi? Partiyaları dəstəkləyən gənclərin savadlı mütəxəssis kimi yüksək təhsil almaları hamıdan öncə o partiya rəhbərliyinin marağında olmamalıdırmı? Onlara savadlı mütəxəssismi lazımdı, yoxsa küçədə qışqırmağa çılğın gəncmi?

***
İş yoldaşlarımdan biri mənə maraqlı örnək dedi. Türkiyədə siyasi qarşıdurmanın universitetlərə daşındığı, hətta insanları geyimlərindəki rənglərə görə, sağçı, solçu, kommunist, islamçı deyə bölündüyü 80-ci illərdə Fətullah Gülənin himayə etdiyi tələbələrə belə bir təlimat verilibmiş: “Siyasi proseslərdə adı hallanan, bunu təhsilində hiss etdirən hər kəsin təqaüdü, yataqxana təminatı kəsiləcək. Hər şeydən öncə təhsil gəlməlidir!”

Vüsalə Mahirqızı 

OXŞAR XƏBƏRLƏR