Daha az işləyib daha çox qazanmaq mümkündür – Dünya təcrübəsi nə deyir?

Daha az işləyib daha çox qazanmaq mümkündür – Dünya təcrübəsi nə deyir?
SOSİAL
15:58 24.07.2026
211

İş vaxtı insanların həyat keyfiyyətinə birbaşa təsir edən əsas amillərdən biridir.

Dünyanın müxtəlif ölkələrində iş həftəsinin müddəti, istirahət günləri və əmək rejimi fərqli şəkildə tənzimlənir. Son illər bir sıra ölkələrdə daha az saat işləməklə əmək məhsuldarlığının artırılması əsas hədəflərdən birinə çevrilib.

AZXEBER.COM müxtəlif ölkələrdə tətbiq olunan iş saatlarını araşdırıb.

Azərbaycanda Əmək Məcəlləsinə əsasən normal iş vaxtı həftədə 40 saatdan artıq ola bilməz. Əksər müəssisələrdə 5 günlük iş həftəsi tətbiq edilir. Bu zaman əməkdaşlar adətən bazar ertəsindən cüməyədək işləyir, şənbə və bazar günləri isə istirahət edirlər.

Qanunvericiliyə görə gündəlik normal iş vaxtı 8 saatdır. Bununla belə, bəzi sahələrdə iş qrafiki fərqlənir. Xüsusilə media, səhiyyə, nəqliyyat, təhlükəsizlik və xidmət sektorlarında növbəli iş rejimi, eləcə də əlavə iş saatlarına daha çox rast gəlinir.

Dünya təcrübəsi göstərir ki, bütün ölkələr eyni iş modelindən istifadə etmir. Bəzi dövlətlərdə uzun iş saatları iqtisadi inkişafın vacib elementi hesab olunsa da, digərlərində daha qısa iş həftəsi modeli tətbiq edilir və ya sınaqdan keçirilir.

Fransa

Fransada həftəlik qanuni iş vaxtı 35 saatdır. Bu model işçilərin şəxsi həyatına daha çox vaxt ayırmasını və iş-həyat balansının qorunmasını təmin etmək məqsədilə tətbiq olunub. Bununla yanaşı, qanunvericilik əlavə iş saatlarına da icazə verir və bir çox sahələrdə əməkdaşlar müəyyən hallarda daha çox işləyə bilirlər.

Niderland

Dünyada ən maraqlı nümunələrdən biri Niderlanddır. Bu ölkədə yarımştat iş modeli geniş yayılıb. Bir çox insan həftədə 20-30 saat işləməyi seçir. Maraqlıdır ki, daha az iş saatına baxmayaraq, Niderland yüksək həyat səviyyəsi və güclü iqtisadiyyatı ilə seçilir.

Yaponiya

Yaponiya uzun illər fərqli iş mədəniyyəti ilə tanınıb. Ölkədə insanların həddindən artıq işləməsi nəticəsində yaranan problemlər o qədər geniş yayılıb ki, bunun üçün xüsusi termin də formalaşıb: "karoşi" (karoshi), yəni çox işləmək nəticəsində ölüm.

Uzun illər bəzi şirkətlərdə işdən sonra əlavə saat işləmək şirkətə sədaqətin göstəricisi hesab olunurdu. Son illərdə isə hökumət bu yanaşmanı dəyişmək məqsədilə iş saatlarının azaldılması istiqamətində müxtəlif tədbirlər həyata keçirir.

Cənubi Koreya

Cənubi Koreya da uzun iş saatları ilə tanınan ölkələrdən biridir. Əvvəllər bəzi işçilərin həftədə 60 saatdan çox işlədiyi hallar geniş yayılmışdı. Aparılan islahatlardan sonra ölkədə həftəlik maksimum iş vaxtı 52 saatla məhdudlaşdırılıb. Məqsəd işçilərin sağlamlığını qorumaq və əmək məhsuldarlığını artırmaqdır.

İslandiya

Son illərdə dünyanın diqqətini çəkən modellərdən biri İslandiyada tətbiq olunub. Ölkədə bəzi dövlət qurumlarında və şirkətlərdə 5 günlük iş həftəsi əvəzinə 4 günlük iş rejimi sınaqdan keçirilib. Araşdırmalar bu modelin məhsuldarlığın azalmasına səbəb olmadığını, əksinə, bir çox hallarda iş-həyat balansını yaxşılaşdırdığını göstərib.

BƏƏ

Birləşmiş Ərəb Əmirlikləri də iş qrafikində dəyişiklik edən ölkələrdəndir. Hazırda dövlət sektorunda bazar ertəsindən cümə axşamınadək tam iş günü, cümə günü isə qısaldılmış iş günü tətbiq olunur. Bu model beynəlxalq maliyyə bazarları ilə uyğunluğu artırmaq məqsədi daşıyır.

 

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR