Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev avqustun 30-u Kürdəmirdə ağır qəzada vəfat edən 26 yaşlı Rüstəm İsmiyevlə bağlı paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, E.Hacıyev Rüstəmin atası Şahin İsmiyevin gənclərə çağırışını paylaşıb.
Ş.İsmiyev E.Hacıyevin qəza ilə bağlı paylaşımına rəy bildirdikdən sonra bu sözləri yazıb:
"Mən oğlumu, varlığımı itirdim. Qalan cavanları Allah qorusun. Gənclərdə nədir bu düşüncə, adrenalin?! Bir az da geridə qalanları, valideynləri düşünün”.
Oğlunu itirən atanın bu sözlərindən sonra isə Elşad Hacıyev sosial şəbəkə hesabında çağırış edib: "Təskinliyi olmayan atadan çağırış... Avtomobil qəzasında oğlu Rüstəmi itirən ata - Şahin İsmiyev gənclərə çağırış edib. Övlad itkisi ən ağır sınaqdır. Rüstəmi itirən ata Şahin İsmiyevin kədərini bölüşür, ailəsinə Allahdan səbir diləyirik. Daha Rüstəmlər ölməsin”.
Qeyd edək ki, R.İsmiyev əvvəllər Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Ərəbqubalı kənd üzrə nümayəndəsinin müavini vəzifəsini tutub. Son olaraq Kürdəmir Peşə Liseyində çalışırmış. Onun atası Şahin İsmiyev isə uzun müddət DSMF-nin bu rayondakı şöbəsində müxtəlif vəzifələrdə çalışıb.