Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının 12-ci zirvə toplantısında Dağlıq Qarabağ probleminin həllinin Ermənistandan asılı olduğunu bildirib.
Trend-in məlumatına görə, bu haqda Türkiyənin "Anadolu" agentliyi məlumat verib. "Dağlıq Qarabağ probleminin həlli Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çəkilməsindən asılıdır", - deyə Davudoğlu bildirib. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.