Danimarka ordusunun Krallığın tərkibində olan Qrenlandiyaya mümkün ABŞ hərbi müdaxiləsi halında, mərkəzdən hərbi təlimatları gözləmədən dərhal cavab verə biləcəyi açıqlanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı son açıqlamalarından sonra Danimarkanın aparıcı media qurumlarından olan Berlingske 1952-ci ildə qəbul edilmiş mühüm bir qərarı ictimaiyyətlə bölüşüb.
Sözügedən qərar İkinci Dünya Müharibəsindən sonra Danimarka ordusunun qəfil hücumlara qarşı hazırlıqsız yaxalanmaması məqsədilə hazırlanıb. Qərara əsasən, Danimarka Silahlı Qüvvələri rəsmi müharibə elanı olmasa belə, milli əraziyə hücum halında yuxarı rəhbərlikdən göstəriş gözləmədən dərhal cavab tədbirləri görə bilər.
Sənəddə, həmçinin, Danimarka əsgərlərinə "düşmən tərəfindən əsir götürülmüş və ya başqa şəkildə fəaliyyət qabiliyyətini itirmiş vəzifəli şəxslərdən” gələn əmrlərə tabe olmamaq tapşırığı verildiyi qeyd olunub.
Məsələ Qrenlandiyanın strateji mövqeyi və ABŞ–Danimarka münasibətləri fonunda beynəlxalq ictimaiyyətin diqqətini yenidən bu regiona yönəldib.
Gülay









































