Bütün dünyanı dini, milli zəmində münaqişələrin bürüdüyü bir zamanda Azərbaycanda hökm sürən sülh, əmin-amanlıq, qardaşlıq şəraiti milli və etnik müxtəlifliyin harmoniyasına əsaslanan cəmiyyət yaradılmasının mümkünlüyünü əyani göstərir.
Ulu öndər Heydər Əliyev deyirdi ki, tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda din-dövlət münasibətlərinin düzgün qurulduğu etnik və dini müxtəliflik ölkəmizin milli sərvətidir. Vətəndaşlarımızın demokratik insan hüquqları, dini etiqad azadlıqları qanunla təsbit və təmin olunur. İnsan həyatının xilası tolerantlıqdan, müxtəlif millətlərə və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından keçir.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir. Nəzərə alaq ki, həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet dövründə bizim o bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi proqramlar var idi. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır.
Azərbaycanda milli, dini dözümlülük və tolerantlıq özünü mütləq şəkildə siyasi yanaşmalarda da büruzə verir. Ölkəmizdə siyasi cəhətdən də tolerantlığın və dözümlülüyün ciddi əsasları var. Azərbaycanda yaşayan millətlərin, etnik qrupların, dini təmayüllərin birgə yanaşmasını təmin etmək hər zaman prioritet olub. Bütün bunları hüquqi aspektdən əks etdirən mükəmməl qanunvericilik bazası və siyasi iradə mövcuddur.
Müstəqil Azərbaycan dövləti bu gün tarixinin ən böyük şanlı dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər, ölkəmizin sosial-iqtisadi imkanlarının genişlənməsi cəmiyyət həyatının bütün əhəmiyyətli sahələri üzrə müəyyən edilmiş inkişaf kursunun yüksələn xətt üzrə davamlılığını, ardıcıllığını, məqsədyönlülüyünü təmin edir.
Dünyanın çoxmillətli dövlətlərindən olan Azərbaycan dövləti hər bir azərbaycanlının Vətənidir. Ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsindəki siyasəti bu gün də uğurla davam etdirilir. Müasir dövrdə demokratiyanın inkişafı, qanunçuluğun təminatı, insan hüquq və azadlıqlarının qorunması həm də sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənir. Respublikamızın iqtisadi imkanları genişləndikcə, Azərbaycanın ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır.
44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində böyük zəfərin qazanmasını şərtləndirən faktorlardan biri də ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlardır. Azərbaycanın davamlı inkişaf və modernləşmə yolu ilə irəliləməsi, işğaldan azad edilən şəhər və kəndlərimizin inkişafı, çiçəklənməsi xain düşmənə növbəti zərbədir.
Naftalan ziyalısı Şahin Rüstəmov