Şiddətli qasırğa Filippinin Leyt adasında 220 min nəfərin yaşadığı Takloban şəhərini faktiki olaraq məhv edib.AZXEBER.COM -un APA-ya istinadən verdiyi məlumata görə, “Hayyan” adlandırılan qasırğa nəticəsində ölənlərin sayı 100 nəfəri keçib.
Takloban şəhərinin rəhbərliyi əhalinin vaxtında təxliyyə edildiyini açıqlayıb. Qasırğa güclü daşqınlara və torpaq sürüşməsinə də səbəb olub. Şəhərdəki binaların əksəriyyəti ya ciddi ziyan görüb, ya da tam dağılıb. Əsas magistral yollara ciddi ziyan dəyib və Takloban şəhərinin ətraf aləmlə əlaqəsi kəsilib. Hazırda xilasedicilər qasırğadan zərər çəkən rayonlara daxil olmağa çalışırlar.
Qeyd edək ki, “Hayyan” qasırğası ilə bağlı Filippində 1 milyondan çox insan təxliyyə edilib, 37 əyalətdə 14 milyon insana isə mümkün evakuasiya barədə xəbərdarlıq olunub. Qasırğanın episentrində küləyin gücü saatda 275 km-ə çatır, dənizdə isə dalğaların hündürlüyü 6 metri keçir. Qasırğa əsasən Filippinin mərkəzi hissəsini – Samar və Leyt adasını vurub. Bu adalarda elektrik xətləri tamamilə sıradan çıxıb, güclü külək və torpaq sürüşməsi ilə əlaqədar bir sıra magistral və dəmir yolları xətlərində hərəkət dayandırılıb. Filippin aeroportlarında 450 aviareys ləğv olunub.
Hazırda qasırğa şimal-qərb istiqamətində hərəkət edir. Qasırğanın Filippindən sonra Vyetnam və Laosu da vuracağı gözlənilir.