AZXEBER.COM əməkdar artist Yaqut Abdullayevanın Qaynarinfo-ya müsahibəsini təqdim edir:
- Yaqut xanım, 30 ildən sonra ata yurdunuz Cəbrayıla qayıtdınız. Ata yurdunuzu, evinizi tapa, tanıya bildinizmi?
- Cəbrayılı, 30 ildir çıxdığım torpaqları gördüm, amma hələ özümə gəlməmişəm, toparlanmamışam. Yuxum ərşə çəkilib. Nələr gördüm orda! Mən yaşadığım evə gedə bilmədim, dövlət tədbiri olduğundan bizi o yerlərə aparmadılar. Bir də ki, nə ev, nə məhlə, orda heç nə yoxdur, düz bir səhradır, vəssalam. Cəbrayılda bir ev qalmayıb. İki beş mərtəbəli ev qalıb, ondan da ermənilər istifadə edib, hərbiçilərin yaşadığı məkan olub. Bir evin bünövrəsi qalmayıb, adam baxanda sadəcə dəhşətə gəlir. Bunu yəni insan edib? Niyə edib? Nəyin qisasıdır? Sanki düşmüsən iki dağın arasına daşlıqla, qayalıqla gedirsən. Ürəyim ağrıyır, 30 ildən sonra ilk dəfə idi ki, Cəbrayıla gedəsən və onu elə görəsən. Bir neçə dəfə təklif gəlsə də, getməmişdim.
- Xarabalığa çevrilmiş ata yurdunuza baxdıqca nə hisslər keçirdiniz?
- Baxırdım evlərin nişanələrinə, halım pisləşirdi, dilimin altına dərman qoyurdum. Bəlkə bir qutu dərman içdim. Aramızda kəndləri yaxşı tanıyan şəxslər vardı. Yol boyu deyirdi ki, bu, filan kəndir, o, filan kənd. Mən Cəbrayıldan hardasa 1973-cü ildən çıxmışam, o vaxtdan Bakıda yaşayıram. Amma ayda bir dəfə gedirdim, bundan əlavə yay fəslini Cəbrayılda olardım. Ona görə kəndləri yaxşı tanımırdım. Ancaq evlərin bünövrəsidir, yurd deyilən şey qalmayıb. Hazırda orada yollar çəkilir, quruculuq işləri gedir.
- Cəbrayılda quruculuq işləri ilə bağlı vəziyyət necə idi?
- Elə qızğın iş gedir ki, bir-iki ilə hər şey yekunlaşacaq. Prezidentə böyük layihələr təqdim olundu. Təxminən iki ildən sonra o Cəbrayıl olmayacaq. Müasir bir Cəbrayıl olacaq ki, düşmən uzaqdan baxanda ürəyi partlayacaq.
- Müasir Cəbrayıl qurulandan sonra orada yaşamaq istərdinizmi?
- Niyə də yox. Kim getməz? Ürəyim gedir, bircə tez qurulsaydı. Orada hava bir başqa aləmdir, rahat nəhəs alırdım. Orada Bakıdakı hava deyil, tər-təmizdir. Bilmirsən can, başağrısı nədir. O çölün düzündə bir yerim də ağrımadı. Şəhərdə adam həmişə narahat olur, orda isə bir qorxu-hürkü yoxdur, torpaqlar daha bizimdir, onu heç kəs ala bilməz. O qədər rahatlıq tapdım ki, ancaq əlimi torpağa çəkib ağzıma sürtürdüm. Torpağı öpürdüm, yalayırdım, qoxlayırdım, qucaq-qucaq bağrıma basırdım. Torpaq həsrəti nədir, onu biz bilirik. Orada havadakı buludların da rəngi ayrı idi, sayrışırdılar, sanki hiss edirdilər ki, biz gəlmişik.
- Həmin ərazilərə gedənlər ata yurdundan dönərkən evdə ailə üzvlərinə oradan torpaq, meyvə, bitki və s. gətirir, siz nə gətirdiniz?
- Heç nə gətirmək mümkün olmadı. Çünki ətrafda heç nə yox idi. Tək Cocuq-Mərcanlıda meyvə ağacları vardı, orada da düşmək mümkün olmadı. Torpaq da gətirmədim. Çünki bunu o vaxt etmək olardı ki, Cəbrayıl işğalda olardı. Artıq bu torpaq işğalda deyil. Daha bizimdir, bizim olanı niyə gətirək. Biz o torpaqlara qayıtmalıyıq ki, sahibini duysun, meyvəsi də bar versin. Mən ora gedəcəm və orada yaşayacam. Zalımlar, vəhşilər, mən bunu edənlərə millət deyə bilmərəm. Onlar millət deyil. Əgər bu torpaqlar sənin idisə, niyə bu hala salırdın? Deməli, bilirdin ki, sənin deyil, ona görə də istifadə edib, taladın. Qisas almaq istəyirdin. Amma sənin kimi şərəfsizlərin bu qisasına baxmayaraq, dövlətimiz onu elə gözəlləşdirəcək ki, baxan bir də baxacaq. Rayonlar elə düzələcək, elə qurulacaq ki, düşmənin bağrı çatlayacaq. Əli-gücü çatmadı şərəfsizin, qisasını torpaqdan aldı, onu bu hala saldı. Düzələcək, bizim belə bir müdrük prezidentimiz var. Nə qədər sadə insandır. İnsana nə qədər səmimi münasibəti var. Allah onu bizə çox görməsin.
- Yəqin "Dəmir Yumruğ”u öpmək istəyiniz də elə Prezident İlham Əliyevin insanlara olan səmimiyyətindən irəli gəlib?
- Prezident özünü orada olan insanlarla çox səmimi göstərdi. Hərdən görürsən ki, bir yerdə oturanda adam sıxılır, həyacanlanır, amma orada belə olmadı, İlham Əliyev elə bir şərait yaratdı ki, səmimiyyəti açıqca ortada idi. Oturan kimi dedi: "Əziz Cəbaryıl ziyalıları, siz bu gün mənim qonağımsınız”. Cəbrayıl işğaldan azad olan günüydü. Maskaları çıxardın, Cəbrayılın bu gözəl havasında maskaya ehtiyac yoxdur”. O qədər səmimi danışırdı, adam heyran qalırdı. Danışmaq üçün ayağa qalxanda qoymadı, dedi, durmayın, yerinizdən danışın. Belə bir gözəl şərait yaratdı, biz də istər-istəməz özümüzü rahat hiss elədik, ürək sözlərimizi rahatca deyə bildik. Əslində, Prezidentin özü bizə ürək sözlərimizi deməyə şərait yaratdı. Orada çıxışım ağlımdan keçməzdi, xəyal da etməzdim, sözlər bir-bir muncuq kimi düzüldü. Amma həmişə ürəyimdəm keçirirdim. Allaha and olsun, bu mənim arzum olub. And olsun anamın qəbrinə ki, deyirdim, Allahım, bir gün hardasa, ya bir tədbirdə, görüşdə Prezident İlham Əliyevə rast gəlsəydim, onun dəmir yumuq əlindən öpüb, sonra da həmin yumruğu aparıb gözümün üstünə qoyardım. Allahım bunu mənə necə yaşatdı! İnsanın arzusunu Allah yerinə yetirərmiş, buna deyiblər. Sağ ol, Allahım, bunu mənə yaşatdığın üçün. Orada da görüşdə dedim ki, xahiş edirəm, mənim sözümü yerə salmayın, bu mənim arzumdur. Elə səmimiyyət yaradı ki, mən arzumu dedim və ona yaxınlaşdım. Əlindən opmək istəyəndə Prezidentim mənə elə bir qucaq açdı ki, elə bil ana-bala görüşdü. Prezident məni ana kimi qəlbinə, ürəyinə sıxdı. Dedim, nolar, icazə ver, opüm də. Dedi "yox, yox”. Siz onun böyüklüyünə, müdrükliyinə baxın. Bu müdrüklük orda göründü ki, Prezident ona yol vermədi. Amma elə dövlətlər var ki, belə bir şey olanda öpmək üçün əllərini uzadır. Amma İlham Əliyev qoymadı. Qoysaydı, onun əllərindən öpərdim. Prezident məni bir ana kimi bağrına basdı, mən onu yaşadım, bu mənə həyatım boyu bəsdir. Bu, tarixə yazıldı. Onu mən fikirləşdim, arzum idi, amma bu qədərini də gözləmədim.
- Həmin anları Cəbrayıl ziyalıları necə qarşıladı?
- Heç nə, onlar heç bunu gözləmirdilər də. Onlar bilirdi, mən danışan adam deyiləm, sakit durub qulaq asan insanam. Dedilər, sağ ol, Yaqut, sən danışa da bilirsən. Dedim, yeri gələndə, şərait yaradılanda niyə danışmıram? Lazım olmayan yerdə qulaq asıram, amma orada danışmaq lazım idi, həm də dinləmək. Məni o tədbirə dəvət edənlərə də təşəkkür edirəm.