‘Dəmirbank’ın 'qara günləri' başladı – 2 ayda 6,2 milyon zərər ( ARAŞDIRMA)

İQTİSADİYYAT
15:29 17.04.2015
3774

Azərbaycanın ən qocaman banklarından biri olan “DəmirBank” ASC 2015-ci ilin ilk 2 ayını 5 milyon 918.85 min manat zərər ilə başa vurub.

Yanvar-fevral aylarında “DəmirBank”ın faiz gəlirləri 12 milyon 165 min manat olub. Bank qeyri-faiz əməliyyatları üzrə 4 milyon 807 min manat zərər edib. Beləliklə, Bankın cəmi gəlirləri 7 milyon 358 min manat təşkil edib.

DEVALVASİYADA 6,2 MİLYON MANAT İTİRİB

“DəmirBank”ın qeyri-faiz əməliyyatları üzrə gəlir əldə etməməsinin səbəbi, məzənnə dəyişməsi (devalvasiya) nəticəsində 6 milyon 164 min manat zərər etməsidir. Bank, bir sıra qeyri-faiz əməliyyatları üzrə 1 milyon 357 min manat gəlir əldə etsə də, məzənnə dəyişməsi nəticəsində yaranmış 6 milyon 164 min manatlıq zərər qeyri-faiz əməliyyatları üzrə 4 milyon 807 min manatlıq zərərin yaranması ilə nəticələnmişdir.

XƏRCLƏRİ GƏLİRLƏRİNDƏN ÇOX OLUB

Cari ilin yanvar-fevral ayları ərzində “DəmirBank”ın cəmi xərcləri 9 milyon 152 min manat olmuşdur ki, bu da cəmi gəlirlərindən 20%-ə yaxın və ya 1 milyon 794 manat çoxdur.

“DəmirBank” 1 milyon 794 min manatlıq əməliyyat zərərindən başqa, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5 milyon 834 min manat ayırma nəzərdə tutduğundan, Bankın vergilər ödənilənədək xalis zərəri 5 milyon 807 min manata çıxmışdır. 111.7 min manat mənfəət vergisi daxil, Bankın xalis zəriri 5 milyon 918 min manat olmuşdur.

Qeyd edək ki, Bank bu ilin yanvarında 338.17 min manat xalis mənfəət əldə etmişdi. Zərər, 21 fevralda baş vermiş devalvasiyadan sonra yaranmışdır.

ÖTƏN İL MƏNFƏƏT ƏLDƏ ETMİŞDİ

Qeyd edək ki, 2014-cü ilin yanvar-fevral aylarında “DəmirBank”ın cəmi gəlirləri 11 milyon 193 min manat, o cümlədən faiz gəlirləri 9 milyon 974 min manat, qeyri faiz gəlirləri 1 milyon 219 min manat təşkil etmişdi.

2015-ci ilin ilk 2 ayında ötən ilin eyni dövrü ilə müqayisədə “DəmirBank”ın faiz gəlirləri 2 milyon 190 min manat və ya 22% artıb.

Bank 2014-cü ilin ilk 2 ayını 706.96 min manat, bütün ili isə 4 milyon 513 min manat xalis mənfəət ilə başa vurmuşdu.

AKTİVLƏRİNİN YARIDAN ÇOXU XARİCİ VALYUTADADIR

2015-ci ilin ilk 2 ayı ərzində “DəmirBank”ın cəmi aktivləri 59,9 milyon manat və ya 14,2% artaraq 480 milyon 166 min manata çatıb. Bankın akivlərinin 50,5%-i xarici valyutada olub. İlkin məlumata görə, “DəmirBank”, 1 aprel 2015-ci il tarixinə 478.5 milyon manat məbləğində aktivlərə malik olmuşdur. Bu da, Martda Bankın aktivlərinin cüzi də olsa azaldığını göstərir.

Yanvar-Fevralda Bankın kredit portfeli 62 milyon 814 min manat və ya 19,7% artaraq 381 milyon 509 min manata yüksəlmişdir. Kredit portfelinin 55%-i xarici valyutada olmuşdur.

Yanvar-Fevral aylarında “DəmirBank”da depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla) 7,5% artaraq 208 milyon 301 min manata qalxıb. Depozitlərin 121,5 milyon manatı və ya 58%-i xarici valyutada olub. Bankda əhalinin 165 milyon 904 min manat əmanətləri isə 4,6% artıb. Əhalinin əmanətlərinin təxminən 60%-i xarici valyutada (əsasən dollarda) olub.

ÖHDƏLİKLƏRİNİN 67%-i XARİCİ VALYUTADADIR

Ümumilikdə, Bankın 432 milyon 974 min manat olmuş öhdəliklərinin 291 milyon 605 min manatı və ya 67,3%-i xarici valyutada olub.

Qeyd edək ki, göstəricilərin artması məzənnə dəyişikliyindən qaynaqlanır. Xarici valyutada olan aktivlər və öhdəliklər yeni məzənnə ilə manatda ifadə olunduğundan göstəricilər artmış kimi görünür. 21 Fevral 2015-ci il tarixində Mərkəzi Bank devalvasiya həyata keçirərək manatı xarici valyutalar qarşısında ucuzlaşdırıb.

MƏRKƏZİ BANKIN TƏLƏBİ POZULUB

“DəmirBank”ın zərərlə işləməsi cəmi kapitalının 50 milyon manatdan aşağı düşməsinə səbəb olmuşdur. Ötən ilin sonunda 52,2 milyon manat cəmi kapitala malik olan bankın, 01 Mart 2015-ci il tarixində 47,2 milyon manat kapitalı qalmışdır. Cəmi kapitalın azalmasına səbəb yanvar-fevral aylarında yaranmış 5,9 milyon manatlıq zərərdir. İlin ilk 2 ayı ərzində Bankın xüsusi kapitalı 43 milyon 971 min manatdan 38 milyon 52 min manata düşüb.

Qeyd edək ki, “DəmirBank” 25 illik tarixə və təcrübəyə malik olmaqla Azərbaycanın aparıcı banklarından biridir. Bank ölkənin ilk bankları sırasında 6 oktyabr 1989-cu ildə yaranmış, “Azərdəmiryolbank” adı ilə fəaliyyət göstərmiş və bir çox nailiyyətlər qazanmışdır. Bank16 oktyabr 2009-cu il tarixindən etibarən fəaliyyətini “DəmirBank” adı ilə həyata keçirir. (Marja.az)

OXŞAR XƏBƏRLƏR