Dənizlə dağların "öpüşdüyü" yer:2 nazir, akademiklər, milyonçular yetişdirən rayon

SOSİAL
15:33 23.10.2018
11944
AZXEBER.COM "Bizim rayon” rubrikasını davam etdirir.

Hər həftənin çərşənbə axşamı oxucuların görüşünə gələn rubrikada əyalət rayonlarından, bu rayonların yaranma tarixi, oturuşmuş ənənələri, tanınmış şəxsiyyətlərindən bəhs olunacaq.

Haqqında bəhs edəcəyimiz növbəti məkan – Azərbaycanın cənub qapısı Astara rayonu olacaq.

Eramızdan əvvəl mövcud olan rayon
 

 

Astara rayonu ölkəmizin cənubunda yerləşir. Cənubdan və qərbdən İranla həmsərhəddir. Eyni zamanda Lənkəranla həmsərhəd olan rayonun 106 min əhalisi var. Rəsmi olaraq bu rayon 1930-cu ildə qurulub.

Qədim dünyanın görkəmli riyaziyyatçısı, astronomu və coğrafiyaşünası Klavdi Ptolomey eramızın 90-160-cı illərində yaşayaraq qədim tədqiqatçılardan biri olmuş və II əsrə aid Xəzər dənizinin xəritəsini tərtib edərək, onun sahillərində yerləşən coğrafi adlar, obyektlər və yaşayış məntəqələri barədə ümumi qayda ilə dəqiq məlumat verib. Ptolomey bu xəritədə Albaniyanın ona məlum olan bir çox şəhər və kəndlərin adlarını çəkib və burada Astaranın adı yunanca "Astarata" kimi qeyd olunub. Eyni zamanda qədim dünyanın digər alimi Strabon özünün "Tarixi hadisələr" barədəki qeydlərində "Astara" adının olmasını göstərərək, "dənizin ləpələrinin dağların ətəklərini yuması və öpməsi" barədə fikirlər söyləyib. Astara 1747-ci ilə kimi Talış mahalının paytaxtı olub, sonralar Astara hakimi Qaraxan paytaxtı Lənkərana köçürüb. Paytaxt Lənkərana köçürülərkən bir çox mühüm qədim tikinti və memarlıq obyektləri, istehkamları söküntüyə məruz qalıb.

Nadir ağacların bitdiyi Azərbaycan rayonu
 

 

Astara aran və dağ zonasından ibarətdir. Rayonun şərqində Xəzər dənizi dalğalanır və qərbində isə zəngin meşəli Talış sıra dağları dayanır. Zəngin mətbəxi ilə seçilən Astara ölkə və xarici turistlərin geniş maraq dairəsindədir.

Müxtəlif xəstəliklərin dərmanı olan Astaranın İsti suyu Respublikanın hər yerində tanınır. Astara meşələrində bitən nadir ağacların şahı dəmirağacıdır. Dəmirağac bu meşələrə gözəllik verməklə yanaşı, strateji əhəmiyyətə malik ağac növüdür. Astara hazırda bütün dünyada ekoloji cəhətdən təmiz və keyfiyyətinə görə yüksək olan çayı ilə məşhurdur. 2002-ci ildə və sonrakı illərdə İspaniyanın paytaxtı Madrid, Rusiyanın paytaxtı Moskva şəhərlərində keçirilən beynəlxalq sərgilərdə Astara çayı qızıl medal alıb. Astarada yetişdirilən limon, portağal, kivi, kinkan, feyxoa və başqa sitrus meyvələri Respublika və xarici ölkə bazarlarında maraqla qarşılanır. Astaranın ənənəvi çəltik sahələri son vaxtlar genişləndirilmiş, indi ətirli Astara düyüsü süfrələrin bəzəyidir.

Tanıdığınız bu məşhurlar Astaranın yetirməsidir

Ölkəmizin digər bölgələrində olduğu kimi, Astaradan da çoxlu sayda məşhurlar və ziyalılar çıxıb. Onların arasında məşhur dövlət xadimləri, alimlər, məmurlar, zabitlər, deputatlar, mədəniyyət və incəsənət xadimləri var.

Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmiş böyük şərqşünas alim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyüadov, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov, Milli Məclisin deputatı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri Rəşad Mahmudov, sabiq Daxili İşlər naziri Aydın Məmmədov, Polis Akademiyasının rəisi Rəsul Rəsulov, məşhur uroloq-cərrah, akademik Sudiyeif İmamverdiyev bu rayonun yetirmələridir.

Eyni zamanda bu rayondan paytaxt Bakıda və Rusiyanın müxtəlif şəhərlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan onlarla milyonçu çıxıb. Onların arasında istehsalat, tikinti, nəqliyyat, qida və digər istiqamətlərdə ixtisaslaşan böyük şirkətlərin sahibləri də var.
 
// Azər Niftiyev, AZXEBER.COM
 

 


OXŞAR XƏBƏRLƏR