Bu gün dünyada "Xərçəng günü” kimi qeyd olunur. Elə bir insan yoxdur ki, ailəsində, qohumunda, ətrafında bu sağalmaz xəstəliyə mübtəla olan doğması olmasın.
AZXEBER.COM xərçəng xəstəliyinin yaranma tarixi, sürətlə cavanlaşması səbəbi, ilkin əlamətləri ilə bağlı araşdırma aparıb.
Xərçəngin yaranma tarixi...
Hər əsrin insanlarını kütləvi şəkildə yoluxduran öz xəstəliyi olub. Qədim dövrlərdə bu infeksion və bakterial, orta əsrlərdə isə taun və vəba olub. Dövrümüzdə hər il milyonlarla insanın tələf olmasına səbəb olan ən məşhur xəstəlik olan "xərçəng” barədə il istinadlar 1,7 milyon il əvvəl qeyd olunub. Lakin böyük ehtimalla onlar insanların yaranması ilə eyni vaxtda ortaya çıxıb. Bu istinaddan sonra şişlərin növləri və onların müalicə üsulları, həmçinin 100 il sonra misirli həkimlər tərəfindən cərrahi yolla aradan qaldırılması ətraflı təsvir olunub.
Misirlilərlə yanaşı şiş xəstəliklərinin öyrənilməsi sahəsində hind həkimləri də uğur qazanıb. Lakin bu sahədə inqilabi nəticəni Hippokrat əldə edir. Məhz o, hazırda eşitməyə adət etdiyimiz adı təqdim etdi. İlk dəfə humoral nəzəriyyəni kəşf etdi ki, insan orqanizmində bir neçə maye növü var və qara maye bədxassəli şişlərin formalaşmasına gətirib çıxarır. Təbii ki, əslində heç bir qara maye yoxdur və onun xərçənglə əlaqəsi yoxdur. Amma o sübut etdi ki, şişlər çoxalır, yəni "metastaz”lar verir.
Qədim dövrlərdə belə hesab edirdilər ki, xərçəng insanların günahı ucbatından yaranır. Heç şübhəsiz bu bir əfsanə idi, sənayenin irəlilərişi və ətraf mühitin çirklənməsi xərçəngə yoluxma riski artıra bilərdi. Necə ki, müasir dövrümüzə qədər "xərçəng”in dəqiq yaranma səbəbini tapa bilməyən alimlər sənaye və ekologiya amilini əsas versiya kimi irəli sürürlər. Burada haşiyəyə çıxaraq bildirək ki, "xərçəng” təkcə insanlarda deyil, həm də heyvanlar arasında mövcuddur. Bir insandan digər insana ötürülməsinə dair indiyə qədər bircə fakt belə aşkarlanmayıb.
Əgər sizdə polip varsa, bu artıq "həyəcan siqnalı”dır...
Yazının əvvəlində qeyd etdiyimiz kimi, hazırki dövrə qədər "xərçəng” xəstəliyinin yaranma səbəbi cəmiyyətə bəlli deyil. Ümumi rəy bundan ibarətdir ki, bu xəstəlik polip adlanan hüceyrə yığıntısı formasında meydana gəlir və istənilən orqanda yarana bilər. Polip sözü latınca "çox ayaqlı” mənasını verir. Poliplər müxtəlif ölçülərdə ola bilər. Onların növləri də müxtəlifdir. Heç bir ağrı vermir, illərlə xəstəni narahat etmirlər. Müayinədən keçməyən xəstə qətiyyən məlumatlı olmur ki, onda polip var, yoxsa yoxdur. Bundan adətən polip irəliləyib "xərçəng” xəstəliyinə, daha dəqiq desək, bu ağır xəstəliyin irəliləmiş mərhələsinə keçdikdə xəbər tuturlar. Lakin bu o demək deyil ki, hər polipi olan xəstə mütləq "xərçəng” olacaq. Digər yandan vaxtında aşkarlandıqda və xaric edildikdə poliplər və onların fəsadları aradan qalxır.
"Xərçəng”in ilkin simptomları, necə müəyyən etməli?
Müasir dövrün ən təhlükəli xəstəliyi sayılan "xərçəng” ən müxtəlif orqanlarda, dildən onurğaya, mədə-bağırsaqdan sidik kisəsi və xayalara, qandan ciyərlərə qədər hər bir orqanda görülə bilər. Hər bir orqan müxtəlif şəkildə xəstəliyə reaksiya verir. Lakin bununla yanaşı "xərçəng”i birləşdirən oxşar cəhətlər var. Ayaqyoluna tez-tez getmək, süd vəzisində dəyişikliklər, səsin tutulması, menstruasiyanın pozulması, dərinin rəngində baş verən dəyişikliklər, udma çətinliyi, nəcisdə qan, limfa düyünlərində şişkinlik, dırnaq üzərində cızıqlar, mədə yanması, yüksək hərarət, həzm problemi, qarın ağrısı, səbəbsiz depressiya ilkin siptomlar ola bilər. Amma bu əlamətlər digər xəstəliklər üçün də xarakterikdir.
Heç bir əlamət olmur, yalnız sonrakı mərhələdə...
Əksər hallarda "xərçəng” ilkin dövrlərdə heç bir əlamətlə özünü büruzə vermir. Bu məqamda bildirək ki, müasir onkologiyada bu xəstəliyi dörd mərhələyə bölürlər. I və II mərhələdə xəstələrin sağalma şansı daha artıq olur. Lakin hər 10 xəstədən 8-i adətən III və IV mərhələdə bundan xəbər tuturlar. Misal üçün yoğun bağırsaq xərçənginə tutulanlar bir-birini əvəz edən qəbizlik və ishaldan, qanlı nəcisdən şikayət edirlər. Öd kisəsi xərçəngindən əziyyət çəkənlər ürəkbulanma və qusma, iştahasızlıq və ümumi zəiflikdən şikayətçi olurlar. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı tövsiyyə edir ki, hər bir insan heç olmasa iki ildə bir dəfə kompleks müayinədən keçməlidir. Xüsusən irsi faktor daşıyıcıları, yəni nə zamansa ailəsində "xərçəng” tarixçəsi qeydə alınanlar, yaşı 30-un üzərində olanlar bu məsələdə xüsusilə diqqətli olmalıdırlar.
Müasir onkologiyada "xərçəng”in müalicəsi...
Son dövlər vaxtaşırı olaraq mətbuatda və sosial şəbəkələrdə "Xərçəngin müalicəsi tapıldı”, "Filan bitkini dəmləyib için, xərçəngdən azad olun” başlıqlı məqalələrə rast gəlsək də, bu xəstəlik müasir Avropa protokolları əsas götürülərək müalicə olunur. Əgər xəstəlik yayılmayıbsa, yəni digər orqanlara "metastaz” verib, həmin orqanların fəaliyyətini zədələməyibsə, ilk növbədə cərrahi müdaxilə yolu ilə aradan qaldırılır. Yəni bədxassəli şişlər ölçü və lokaliziyasına uyğun olaraq radikal (daha artıq bölgəni əhatə edərək) şəkildə orqanizmdən xaric olunur. Ardınca kimya terapiya, şüa terapiya və müalicə üsullarından istifadə edilir. Bəzi xəstələrdə bu üsullar effektiv olsa da, bəzilərində əksinə gələcək perspektivdə xəstə üçün daha ağrılı və həyəcanlı anlar vəd edir.
Sonda: Bütün hallarda Allah hər kəsə bir ömür payı qismət edib. Heç şübhəsiz "əcəl zəngi” qapını döyəndə, xilas mümkün deyil. Lakin bu o demək deyil ki, "əcəlimiz çatanda öləcəyik” deyib gözləyək. Hər halda "Allah dərd veribsə, dərmanını da verib”. Bu səbəbdən mütəmadi müayinə olunmaq bizləri qədim dövrlərdə "insanların günahı üzərindən yaranan xəstəlik” adı verdiyi bəladan qoruyar. Unutmayaq ki, xərçəngi yaradan əsas səbəb stressdir. Bir-birimizi incitməyək və öz günahlarımızın əsirinə çevrilməyək!
// Azər Niftiyev, AZXEBER.COM