Depressiyaya düşən xanımlar üçün - ARAŞDIRMA

MARAQLI
11:06 06.05.2013
1616

Tez -tez yaxınlarımızın dilindən bu ifadəni eşidirik : “Özümü çox pis, narahat hiss edirəm. Deyəsən, depressiyaya düşmüşəm ”.

Araşdırmalara görə, qadınlar kişilərə nisbətən tez-tez bu vəziyyətlə qarşılaşırlar. Ümumiyyətlə, depressiya nədir? Ümidsizlik dolu, kədərli vəziyyətin artaraq uzunmüddətli hal alıb, ictimai fəalliyyətdə və həyat fəaliyyətində ciddi problem yaradan bir vəziyyətə depressiya deyilir. Yaşından asılı olmayaraq, bu xəstəlik istənilən insanda-kişi, qadın, qoca, uşaq ola bilər.Araşdırmalar nəticəsində məlum olub ki, qadınlarda olan depressiya kişilərə nisbətən iki dəfə çox olur. Bəs, depressiyanı doğuran səbəblər nədir?

Həyatımızda baş verən pis bir hadisə bizdə ruh düşkünlüyü yaradır və bunun nəticəsində ümidsizliyə qapılırıq. Lakin bu kədər dolu əhval-ruhiyyə uzun müddət davam edərsə, deməli, depressiyadan əziyyət çəkirik. Bu zaman mütləq psixoloqa müraciət etməliyik.

Bu xəstəliyin müxtəlif növləri vardır ki, bunların bəziləri çox uzun müddət-aylarla, illərlə davam edib, həyat fəaliyyətimizdə, iş prosesində çox böyük problemlər yaradır. Bəzən ətrafımızda olan insanlar özlərini ümidsiz, aciz, zəif, günahkar hiss edirlər ki, bu da depressiyanın əlamətləri kimi özünü göstərir. Bu anda nikbin, pozetiv insanlarla ünsiyyət qurmalı, özümüzdə inam hissini aşılamalıyıq. Və “ mən bu xəstəliyə qalib gələcəm” fikrində olmalıyıq. Atalarımız bu yerdə yaxşı deyiblər : “ İnsan özü özünün həkimi olmalıdır”.

Qadınların depressiyaya düşmələri ilə bağlı bir sıra tədqiqatlar aparılmışdır. Belə ki, ABŞ xəstəxanalarında hər il 12 milyona yaxın qadın depressiyadan müalicə olunur. Hər 8 qadından biri depressiyaya düşmək ehtimalındadır. Qadınların tez-tez bu xəstəliyə düçar olması ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bunu bioloji, psixoloji və sosial faktorlarla izah edirlər. Bioloji faktorlarda hamiləlik, sonsuzluq kimi səbəblər özünü biruzə verir. Bu zaman qadınlarda müxtəlif harmonik dəyişikliklər baş verir ki, bu da onları böyük risk altında saxlayır. Psixoloji faktorlara isə bacarıq mexanizmi, ( bu, elə bir prosesdir ki, qadınlar depressiyadan çıxmaq üçün ətraflı götür-qoy edirlər ) cinsi yetkinlik və gözəllik problemi ( bu, daha çox yeniyetmə və gənc xanımlarda baş verir ) aiddir.

Qadınların depressiya vəziyyətinə düşmələrinə başqa bir səbəb isə onların sosial-iqtisadi status azlığıdır. Bu səbəb onların maddi problemlərini, təhsillərini davam etdirə bilməməsi kimi məsələləri meydana çıxarır. Həmçinin, ailədaxili münaqişələr, yetkinlik yaşında baş vermiş şəxsi narahatlıqlar, uşaq vaxtı valideyn itkisi kimi faktorlar depressiyanın yaranmasına səbəb olur.

Həyat hər kəsə bir dəfə verilir. Və həyatda başımıza gələn hər ağır dərddən özümüzə nəticə çıxarmalıyıq. Hər birimiz gələcək həyatımızı düşünməli, daha yaxşı yaşamaq uğrunda mübarizə aparmalıyıq. Fikrimcə, bu bizim üçün ən zəruri şərtləndəndir.

Xanımlara güclü, mübariz olmağı və həyatda məcbur olduqları kimi deyil, xəyallarındakı kimi yaşamağı arzulayırıq.

Ayşə İsazadə

OXŞAR XƏBƏRLƏR