Deputat Abbas Abbasovun cavabını verdi

SİYASƏT
18:31 11.06.2013
2253

“Son dövrlər Abbas Abbasovun ritorikasında bu cür əsassız və heç bir fakta söykənməyən fikirlər yer almağa başlayıb”

“Abbas Abbasovun belə bəyanat yaymasına təəssüflənirəm. Baxmayaraq ki, o, uzun illər Azərbaycan hökumətinin rəhbər vəzifəsində çalışıb və ölkəmizin milli azlıqlara qarşı siyasətini çox gözəl bilir, bütün bunların qarşılığında belə bəyanat yayması yolverilməzdir”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə Rusiya Azərbaycanlıları Təşkilatı İttifaqının (“Milyarderlər İttifaqı”) Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun son 2 ayda Azərbaycanda Rusiya əleyhinə aparılan yalan kampaniyası ilə bağlı bəyanat yaymasına münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, A. Abbasov yaxşı bilir ki, Azərbaycanda heç bir xalq sıxışdırılmır: “Hər bir xalqın öz dilində danışmaq, mədəniyyətini inkişaf etdirmək, təhsil almaq imkanı var. Əsrlər boyu Azərbaycanda rus xalqına qarşı xoş münasibət olub. Hazırda Azərbaycanda yaşayan 200 minə yaxın rus millətindən olanların orta və ailə məktəblərdə təhsil alması, mədəniyyətini göstərməsi, eyni zamanda cəmiyyətdə bütün təbəqənin təmsil olunması üçün lazımi imkanlar var. Azərbaycanda orta məktəb şagirdlərinin 10 %-i rus sektorunda təhsil alır. Bu gün rus dilində qəzetlər və televiziya verilişləri nümayiş olunur. Eləcə də rus mədəniyyətinin nümayəndələrinin şərəfinə ölkəmizdə heykəllər ucaldılır və küçələrə onların adı verilir . Bundan başqa, rus millətindən olan insanlar hakimiyyətin müəyyən zümrələrində fəaliyyət göstərirlər”.

Abbasovun bəyanatında yer alan “Son zamanlar Rusiyada fəaliyyət göstərən təşkilatlara və onların liderlərinə qarşı mətbuatda kampaniya aparılır” fikrinə isə A. Mirzəzadə belə cavab verib: “Onun bu sahədə dediklərinin heç bir əsası yoxdur. Azərbaycan hər bir millətə hörmətlə yanaşan dövlətdir. Azərbaycanın milli və dini tolerantlığı dəfələrlə həm xarici ölkələr, həm də beynəlxalq təşkilatların nümayəndələri tərəfindən dünyaya nümunə kimi göstərilib. Təəssüf edirəm ki, son dövrlərdə Abbas Abbasovun ritorikasında bu cür əsassız və heç bir fakta söykənməyən fikirlər yer almağa başlayıb”.

OXŞAR XƏBƏRLƏR