AZXEBER.COM deputat Naqif Həmzəyevin Milli Məclisdə büdcə müzakirələri zamanı çıxışının tam mətnini təqdim edir:
Bu gün biz müstəqillik dövrünün ən güclü və böyük büdcəsini müzakirə edirik. Olduqca qürurverici və sevindirici haldır ki, bu gün Azərbaycan post pandemiya dövründə müharibədən çıxmış bir ölkə kimi nəinki öz büdcəsini azaltmamış, hətta onu artırmağa nail olmuşdur. Bu isə bilavasitə olaraq cənab prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin və iqtisadi blokun aktiv fəaliyyətinin nəticəsidir. Mən də, təbii ki, iqtidar nümayəndəsi kimi digər deputat həmkarlarımla birgə büdcəni dəstəkləyərək leyhinə səs verəcəm. Lakin bununla yanaşı mənim də bəzi təkliflərim var və istəyirəm bu təklifləri də hökumət nümayəndələrinin diqqətinə çatdırım.
Bildiyiniz kimi, bu gün vəyəndaşları ən çox narahat edən təhsil, sağlamlıq və məşğulluq məsələləridir. Əslində bu problemlərin həlli uzun müddətli dövrə söykənir. Düşünürəm ki, biz bu gün yeni nəsilləri təhsil vasitəsiylə düzgün yetişdirsək, onları sağlam həyat tərzinə istiqamətləndirsək qeyd etdiyim bu problemlər növbəti illərdə müəyyən qədər öz həllini tapar. Əgər bu gün bizim gənclərimiz fiziki aktiv deyillərsə, həyətlərdə idman meydançaları azlıq təşkil edirsə, o, zaman kütləvi sağlam həyat tərzindən danışmaq mümkün deyil. Məhz bu səbəbdən təhsil, idman və gənclər sahəsi diqqət mərkəzində saxlanmalı və bu sahələrə maliyyə dəstəyi daha da artırılmalıdır.
Bu gün sevindirici haldır ki, orta və ali təhsil müəssisələrimizdə tədris üçün gərəkli olan bütün müasir texnologiya avadanlıqları əlçatandır.
Amma unutmamalıyıq ki, elm və texnologiya sürətlə dəyişir və inkişaf edir. Bu dəyişikliklərə uyğunlaşmaq və yeni avadanlıqların davamlı təczihatı üçün Təhsil Nazirliyinə xüsusi vəsait ayrılmalıdır. Bildiyiniz kimi artıq əksər ictimai nəqliyyat vasitələrinda ödəniş nağdsız-kart sisteminə keçirilir. Təklif edirəm ki, bu fürsətdən istifadə edərək ictimai nəqliyyatdan istifadə zamanı tələbə və şagirdlər, müəllimlərə müəyyən güzəştlər tətbiq edilsin. Hətta şəhid ailələri və qazilər üçün də ictimai nəqliyyatdan istifadə zamanı güzəştlər tətbiq edilməsi sevindirici hal olar. Bu təcrübə bir çox ölkələrdə uğurla tətbiq edilir.
Növbəti diqqət mərkəzində saxlanılmalı əhəmiyyətli məsələ isə işsizlik problemidir. Bunun ən böyük səbəblərindən biri isə universitetlərimizdə, xüsusilə də, region universitetlərində dövrün tələblərinə cavab verən, mövcud əmək bazarında davamlı olan ixtisasların azlığıdır.
Faktiki olaraq, bu gün məzunlarımızın böyük bir qismi təhsil aldıqları sahə üzrə əmək bazarında iş tapa bilmirlər. Bu isə bilavasitə olaraq işsizlik səviyyəsini və dövlətin yükünü artırır. Biz mütləq universitetlərdə tədris edilən az tələbatlı ixtisasları yeni, dövrün tələblərinə uyğun ixtisaslarla əvəz etməliyik. Dövlətimiz bu sahədə uğurlu islahatlar həyata keçirir. Buna baxmayaraq, bu prosesi sürətləndirmək və daima diqqət mərkəzində saxlamaq vacibdir.
Təhsildən danışarkən Gəncə şəhərindən olan seçicilərimin probelemlərindən bir neçəsini diqqətinizə çatdırmaq istəyirəm. Cavad xan qəsəbəsində 30 minə yaxın əhali yaşasa da, bu ərazidə məktəb yoxdur. Mövcud məktəblər isə olduqca uzaq məsafədə yerləşir və gediş-gəliş şagirdlər və valideynləri üçün çətinlik yaradır. Xahiş edirəm, bu qəsəbədə yeni məktəbin tikilməsi, həmçinin Gəncə şəhər 9 və 11 saylı orta məktəblərin yenidən qurulması işi nəzərdə saxlanılsın.
Eyni zamanda qeyd etmək istəyirəm ki, Gəncə şəhərində faəliyyət göstərən uşaq bağçalarınının nəzdində yeni qrupların açılmasına çox böyük ehtiyac var.
2011-ci ildən başlayaraq Gəncə su-kanalizasiya layihəsi həyata keçirilməyə başlamışdı, ancaq təəssüflər olsun ki, layihənin yalnız 40 faizi icra edilib. Düşünürəm ki, bu layihə mərhələli şəkildə yenidən davam etdirilərsə Gəncə sakinlərinin su, kanalizasiya və yol problemi qismən öz həllini tapar. Dövlətin bu işlərə xərclədiyi milyonlarla vəsait isə hədər getməz. Xahiş edirəm bu layihnin davam etdirilmısinə vəsait ayrılması xüsusilə nəzərdən keçirilsin.
İkinci Qarabağ müharibəsi zamanı düşmən tərəfindən Gəncədə törədilən terror aktları hər kəsə məlumdur. Hadisələrin baş verdiyi ərazidə muzey kompleksinin yaradılması fikri dəfələrlə səslənsə də hələ də reallaşmayıb, və təəssüf ki, həmin ərazidə artıq qalıqlar aşınır, dağılmaq üzrədir. Həmçinin evləri dağılmış vətəndaşların bəzilərinin hələdə problemləri öz həllini tapmayıb. Xahiş edirəm, bu məsələləri də nəzərə alasınız.
Gəncəlilər üçün digər əhəmiyyətli məsələlərdən biri isə Bakı-Gəncə sürət qatarının fəaliyyətinin bərpa edilməməsidir. Qatar 2018-ci ilin dekabrından işə düşsə də, pandemiya səbəbindən onun fəaliyyəti dayandırılıb. Düşünürəm ki, sürət qatarının bərpası zəruridir. Xahiş edirəm Azərbaycan Dəmir Yollarına bu məsələnin həlli ilə bağlı vəsait ayrılsın və Bakı-Gəncə sürət qatarının fəaliyyəti 2022-ci ildə bərpa edilsin.
Son olaraq, diqqətinizi futbolumuza yönəltmək istəyirəm. Bildiyiniz kimi, futbolumuzun vəziyyəti çox da ürəkaçan deyil. AFFA-ya kifayət qədər vəsait ayrılır. Amma, Gəncə futbolu kənarda qalıb. Gəncəliləri narahat edən məsələ Kəpəz FK-nın əsas liqada olmamasıdır. Regionlarımızda futbolu yenidən dirçəltmək və Kəpəz FK-nın əsas liqaya qayıtmasını təmin etmək lazımdır.