Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bu gün qonağı olduğu "Hədəf" verilişində Azərbaycan-Türkmənistan münasibətlərinə dair mühüm fikirlər səsləndirib.
AZXEBER.COM xəbər verir ki, deputat bildirib ki, Azərbaycan və Türkmənistan digər dövlətlərlə münasibətlərini beynəlxalq hüququn ümumtanınmış normaları və prinsipləri əsasında qurmağa önəm verir. Onun sözlərinə görə, hər iki dövlətin kifayət qədər uğurlu tarixi inkişaf yolu var:
"Müstəqillik dövründə, xüsusilə Sovet İttifaqı dağıldıqdan sonra, Türkmənistanla münasibətlərimiz o qədər də hamar olmayıb. Lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu əlaqələr tamamilə yeni bir mərhələyə qədəm qoydu. Ortaq köklərimiz, mədəni dəyərlərimiz və qohumluq əlaqələrimiz bu prosesdə mühüm rol oynayıb."
Məhərrəmov qeyd edib ki, bu gün Azərbaycan və Türkmənistan arasında münasibətlər yüksək səviyyədədir. Xüsusilə 2021-ci il yanvarın 21-də Aşqabadda imzalanan "Dostluq" yatağının birgə istifadəsinə dair memorandum əlaqələrdə mühüm dönüş nöqtəsi olub:
"Bu sənəd təkcə illərlə mövcud olan problemi həll etmədi, həm də ölkələrimiz arasında əməkdaşlığı daha da möhkəmləndirdi. Sonrakı dövrlərdə biz çoxsaylı qarşılıqlı səfərlərin və əməkdaşlıq nümunələrinin şahidi olduq."
Deputat həmçinin bildirib ki, dünyada baş verən geosiyasi proseslər fonunda Azərbaycan və Türkmənistanın əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir:
"Bu gün dünyada ayrıcı xətlər dərinləşir, qütblərarası ziddiyyətlər artır. Belə bir zamanda əməkdaşlığa daha çox ehtiyac var. Azərbaycan isə sadəcə siyasi bəyanatlarla kifayətlənməyən, real iqtisadi maraqlara əsaslanan birgə fəaliyyət platforması təqdim edir. Bu da əməkdaşlığı həm uzunömürlü, həm də qarşılıqlı faydalı edir."
Məhərrəmov qeyd edib ki, Türkmənistanın Xalq Məsləhətinin sədri, milli lideri kimi tanınan şəxsiyyətin Azərbaycana səfəri də bu əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır:
"Onun Azərbaycanda səsləndirdiyi fikirlər və ifadə etdiyi mövqe kifayət qədər ciddi və təhlilə ehtiyac duyulan məqamlardır. Azərbaycan-Türkmənistan əlaqələrinin dərinləşdirilməsi zərurəti vurğulanırsa, deməli, münasibətlərin mövcud vəziyyətindən razılıq var və doğru istiqamətdə irəliləyirik."
Deputat vurğulayıb ki, Azərbaycan-Türkmənistan əlaqələrinin genişləndirilməsi yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də regional təhlükəsizlik baxımından mühüm rol oynayır:
"Cənubda 12 illik müharibə, şimalda isə hazırda davam edən münaqişə fonunda Xəzər hövzəsinin gərginliklərdən sığortalanması vacibdir. Azərbaycanın Orta Asiya dövlətləri, o cümlədən Türkmənistanla əlaqələrinin möhkəmlənməsi regionda sabitlik və təhlükəsizliyə dəstək verir."
Sonda Bəhruz Məhərrəmov qeyd edib ki, Azərbaycan-Türkmənistan münasibətlərində yeni mərhələ başlayıb:
"Bu səfər çərçivəsində biz, əvvəllər yalnız arzu etdiyimiz və gözlədiyimiz bir sıra mühüm addımların şahidi olacağıq. Yeni layihələr və təşəbbüslərlə iki ölkə arasında əməkdaşlıq daha da genişlənəcək."
Oksana Orucova