"Tikinti şirkətləri gecə saatlarında apardıqları işlərlə sakinlərin yuxu və istirahət hüququnu pozurlar”
AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev bu gün parlamentin komitə iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Bakı, Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə tikinti-quraşdırma işlərinin nizamsız aparılması bir sıra problemlərə səbəb olur.
"Bir çox tikinti şirkəti, xüsusilə betondökmə, örtük işləri və ya yükdaşıma kimi əməliyyatları gecə saatlarında, 22:00-dan 06:00-dək, yaxud bazar və bayram günlərində aparır. Çünki gündüz vaxtı bu işlər küçə nəqliyyatı ilə üst-üstə düşür və ya işçi qüvvəsindən 24 saat rejimində istifadə etmək iqtisadi baxımdan daha sərfəli olur. Nəticədə sakinlər yuxu və istirahət hüququndan məhrum olurlar”, - deyə deputat bildirib.
Naqif Həmzəyev qeyd edib ki, tikinti işləri, eləcə də binaların xaricində quraşdırılan istilik və havalandırma avadanlıqlarının yaratdığı səs-küyün konkret saat və desibel həddi ilə tənzimlənməsi ilə bağlı problemlər mövcuddur:
"796 nömrəli Fərman səs-küy səviyyəsini qismən tənzimləsə də, konkret saat cədvəli yoxdur və icra mexanizmində boşluqlar var. Hansı orqanın operativ reaksiya verməli olduğu, ölçmə aparmalı olduğu aydın deyil. Sakin şikayət etdikdə çox vaxt ‘bizim səlahiyyətimizdə deyil’ cavabı ilə rastlaşır”, - deyə deputat vurğulayıb.
Deputatın sözlərinə görə, bələdiyyə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlar arasında səlahiyyət bölgüsü dəqiq müəyyənləşdirilməlidir.
O əlavə edib ki, tikinti materiallarının örtülmədən daşınması, qazıntı sahələrinin sulanmaması və tikinti tullantılarının küçələrə səpələnməsi böyük şəhərlərdə hava tozluluğu və çirklənmə problemini daha da artırır.
"Problemi kökündən həll etmək üçün Şəhərsalma və Tikinti Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, ‘Ekoloji təhlükəsizlik haqqında’ qanuna, eləcə də yerli özünüidarəetmə və bələdiyyələrin səlahiyyətləri ilə bağlı qanunvericiliyə dəyişikliklərə ehtiyac var”, - deyə Naqif Həmzəyev bildirib.











































