“Xüsusi komissiya yaradılsın, məsələ araşdırılsın”
Millət vəkili Yevda Abramov “Azərişıq” ASC tərəfindən abonentlərin hüquqlarının pozulduğunu və onlara istifadə etmədikləri elektrik enerjisinə görə, külli miqdarda borc yazıldığını iddia edib. O “Yeni Müsavat”a müsahibəsində bildirib ki, bu faktlar Quba rayonunda mövcuddur və vətəndaşlardan ona şikayətlər daxil olub: “Adam var, 900-1200 manat işıq pulu borcu yazıblar. Tanrıverdi müəllim gəlsin Qubaya, mən onunla üzləşim. Əgər mən düz demirəmsə, mandatımı təhvil verirəm, yox əgər özü düz demirsə, vəzifəsindən istefa versin”.
Deputat iddia edir ki, Sumqayıtda yaşamadığı halda onun ünvanına 787 manatlıq borc gəlib:“Məlum oldu yalandır, borcu sıfırlatdım. Mənim işıq pulu borcum yoxdur axı. Yüzlərlə insana borc qəbzi göndəriblər. Yüzlərlə adam gedib, deyiblər ki, 900 manat borcun var, 100 manat ver, əl çəkək. 100-150 manat alıb borcu silirlər. Belə olmaz axı... Tanrıverdi Mustafayevin bundan xəbəri yoxdur”.
Məsələ ilə bağlı yenidən "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. O bildirdi ki, iki gün öncə verdiyi açıqlamanın üzərində qalır və heç bir əlavəsi yoxdur.
Xatırladaq ki, iki gün öncə Tanrıverdi Mustafayev musavat.com-a açıqlamasında bildirmişdi ki, heç bir abonentə istifadə etmədiyi elektrik enerjisinə görə borc yazıla bilməz:“Narazı abonent kodunu göndərsin, araşdıraq və bu haqda məlumat verək. "Azərişıq" elektrik enerjisindən istifadəyə görə borcu ölən şəxsin adına yox, mənzilə yazır. Mənzil kimin adınadırsa, borc da onun adına yazılır. İllərdir ki, bu sahədə çalışıram. Yüzlərlə belə abonent var. Mənzil kimin adınadırsa, həmin insan dünyasını dəyişib, amma sənədlər hələ də onun adınadır. Evin digər sakinləri, yaxınları sənədləri mütləq şəkildə dəyişdirməlidir. Dəyişdirmədiyi təqdirdə, təbii ki, borc həmin adamın adına göndəriləcək. Ölünün adına heç vaxt borc yazılmır, mənzilə yazılır.
Bu məsələnin çox asan həll yolu var. Biz iki ildir ki,“ASAN xidmət”lə əməkdaşlıq edirik. Bir neçə dəqiqə ərzində bu problemi həll etmək, abonent kodunu ev sahiblərindən başqasının adına keçirmək olar. Yüzlərlə belə hal müşahidə edirik. Xahiş edirik, müvafiq qurumlara müraciət edib, bu məsələni həll etsinlər".
Ekspertlər isə bu məsələnin araşdırılması üçün media nümayəndələrindən, millət vəkillərindən, iqtisadçılardan ibarət xüsusi komissiyanın yaradılmasını və məsələnin yerindəcə araşdırılmasını təklif edirlər.