Xəbər verdiyimiz kimi, məktəbəhazırlıq qrupları və ümumi təhsil müəssisələrində şagirdlərin mobil və elektron cihazlardan istifadəsinə dair yeni qaydalar qüvvəyə minib. Qaydalara əsasən, dərs zamanı telefon, planşet və digər elektron cihazlardan istifadə qadağan edilir, yalnız müəllimin icazəsi və nəzarəti ilə tədris məqsədləri üçün istifadəyə icazə verilir. Sənəd elm və təhsil naziri Emin Əmrullayevin qərarı ilə təsdiqlənib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında bildirib ki, zaman keçdikcə sosial medianın uşaqların gələcək həyatına ciddi təsir göstərdiyinin şahidi oluruq:
"Bu məsələ uzun müddətdir cəmiyyətdə geniş müzakirə olunur. Zaman keçdikcə sosial medianın uşaqların gələcək həyatına ciddi təsir göstərdiyinin şahidi oluruq. Bu təsirlər getdikcə özünü daha açıq formada göstərir. Telefon və sosial media insan həyatını asanlaşdırmaqla, yeni imkanlar qazandırmaqla yanaşı təhsil və tədris prosesinə müəyyən mənfi təsirləri də mövcuddur.
Cənab Prezident İlham Əliyevin imzaladığı "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirləq haqqında” Sərəncamda da telefonlarla bağlı bəzi məsələlər öz əksini tapmışdır”.
Parlamentari qeyd edib ki, məktəblərdə telefonlarla bağlı müəyyən qaydaların tətbiq edilməsi vacib addımdır:
"Məktəblərdə telefonlarla bağlı müəyyən qaydaların tətbiq edilməsi vacib addımdır. Çünki uşaqların məktəbə mobil telefon və digər elektron cihazlarla gəlməsi, dərs zamanı onlardan istifadə etməsi tədris prosesini pozur və şagirdlərin diqqətini yayındırır. Ona görə də bu istiqamətdə müəyyən qaydaların tətbiq edilməsi və düzgün nəzarət mexanizmlərinin yaradılması vacibdir. Bu, həm təhsil prosesinin keyfiyyətinin artırılması, həm də uşaqların sağlam inkişafı baxımından önəmli məsələdir”.
"Azərbaycan təhsil sistemində bu istiqamətdə atılan addımlar tədris prosesinin səmərəliliyinin artırılmasına xidmət edir. Bu məsələ uzun müddətdir gözlənilən və cəmiyyət üçün əhəmiyyətli olan mövzulardan biridir”, - deyə deputat bildirib.
Şahanə Ziyad











































