Azərbaycanda şəhər mədəniyyətini 50, 60, 70-ci illərdə ruslar, yəhudilər, ermənilər, rus dilli azərbaycanlılar yaradıblar.
AZXEBER.COMxəbər verir ki, bunu ANS-də gedən verilişlərin birində çıxışı zamanı millət vəkili Etibar Hüseynov deyib.“Azərbaycan xalqı uzun əsrlər boyu öz adət-ənənəsi, milli dəyərləri, mədəniyyəti, tarixi olan bir xalqdır. Bakı da qədim bir şəhərdir. Bəs nə üçün bizdə uzun illər olan şəhər mədəniyyəti bu gün yoxdur?Uzun müddət, xüsusən də keçən əsrin 60-70-ci illərində bizdə şəhər mədəniyyəti olub. Bunu da əsasən ruslar, ermənilər, yəhudilər- rusdilli bakılılar yaradıblar. Bunun da yaxşı və pis tərəflər var idi. Misal üçün, rayondan gələnlərə “çuşka”, “ikinci sort adam” deyirdilər, onlara yuxarıdan aşağı baxırdılar”- deyə, millət vəkili bildirib.Bu gün Azərbaycanda şəhər mədəniyyətinin olmadığını deyən E.Hüseynov bunu Qarabağ müharibəsinin başlaması nəticəsində şəhərdə yaşayan rusdilli insanların ölkəmizdən getməsi ilə əlaqələndirib.“Qarabağ müharibəsinin başlaması ilə əlaqədar olaraq Bakı mədəniyyətinin özəyini təşkil edən, yəhudilər, ermənilər, ruslar və rusdilli azərbaycanlılar ölkədən çıxıb getdilər və bununla da bir boşluq yarandı. Onların yerinə isə öz yurd-yuvasından didərgin düşmüş, ac-yalavac, tamam başqa mühitdən gəlmiş, televizorun, radionun nə olduğunu bilməyən, müasirliyə aidiyyəti olmayan, aqressiv, öz yaxınlarını itirən insanlar gəldilər. Bu insanların şəhər mühitinə düşməsi ilə sanki yağla suyun qatışığı yarandı. Belə bir şəraitdə isə yenidən şəhər mədəniyyətini bərpa etmək mümkün olmadı.Bu gün gənclərin əksəriyyətini Qarabağ müharibəsinin baş verdiyi illərdə bura gələn insanlar təşkil edir ki, onlar da heç bir təhsil, tərbiyə, mədəniyyət görmədilər. Tək onlar yox, yaşlı insanlar da ucqar dağ yerindən şəhərə gəlib düşəndən sonra özlərini itirdilər, yeni mühitə adaptasiya oluna bilmədilər. Bunun nəticəsində də bu gün bizdə şəhər mədəniyyəti, Avropa dəyərləri yoxdur”- deyə, millət vəkili qeyd edib.