Deputat: Rus sülhməramlıları faktiki olaraq ermənilərin Qarabağa total köçünü təşkil edir

Deputat: Rus sülhməramlıları faktiki olaraq ermənilərin Qarabağa total köçünü təşkil edir
SİYASƏT
16:19 14.12.2020
1874
"Dekabrın 11-də Hadrut ətrafında gizlənən və mərkəzi komandanlığa tabe olmadığını bildirərək, bəyənata əsasən Azərbaycan nəzarətinə keçməli olan ərazidən çıxmayacağını iddia edən silahlı ermənilərin varlığı erməni mediasında açıq-aşkar etiraf edilir, hətta onların təbliğatı aparılırdı. 

Erməni mediası Köhnə Tağlar kəndi ətrafında yerləşən bu silahlıları qəhrəman partizanlar kimi təqdim edirdi”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. 

O bildirib ki, erməni yaraqlılar geri çəkilməyəcəklərini bildirmişdilər: 

"Meşə və dağlarda gizlənən erməni terrorçuları qətiyyən geri çəkilməyəcəklərini və sona qədər döyüşəcəklərini bildirib. Həmçinin, İrəvanda yaşayan ermənilər də onlara qoşulmaq istəyiblər. Hətta sosial mediada yayılan məlumat və fotolara əsasən deyə bilərəm ki, terrorçuların əlində zirehli texnika və ağır silahlar da var. Ermənistan mətbuatı yazır ki, ordumuz Qafanın Əkərək kəndi yaxınlığındakı erməni hərbi birləşmələrinə geri çəkilməklə bağlı xəbərdarlıq edib. Lakin Ermənistan rəsmiləri və Rusiya sülhməramlıları isə onların "azdığı”, "mühasirəyə düşdüyü” iddiasını irəli sürürlər. Azərbaycan Ordusu şərait yaradıb ki, həmin partizanlar 10 noyabr Bəyanatına uyğun olaraq, ərazidən çıxsınlar. Ancaq onlar nəinki ərazidən çıxmadılar, əksinə, Azərbaycan Ordusuna qarşı terror hücumu təşkil etdilər. 

Deputat rus sülhməramlılarının bütün bu hadisələrə səssiz qaldığını deyib:

"Baş verənlərin qarşılığında rus sülhməramlılarının silahlı ermənilərə qarşı kifayət qədər yumşaq və loyal münasibəti görünür. Bütün bunlar belə bir fikir formalaşdırır ki, rus sülhməramlıları ermənilərin ərazidən getməsində maraqlı görünmür.

Rus sülhməramlıları faktiki olaraq ermənilərin Qarabağa total köçünü təşkil edir. İndiyə qədər Qarabağa birbaşa rus sülhməramlılarının mühafizəsi, yardımı və təmənnasız dəstəyi sayəsində 39 minə yaxın erməni qayıdıb. 

Həmçinin Rusiya FHN işçilərinin də daxil olduğu xüsusi briqadalar, tikinti materialları, modul tipli yaşayış yerlərinin hazırlanması üçün lazım olan avadanlıq, o cümlədən səhiyyə işçiləri göndərildi, Qarabağda modul xəstəxanalar yaradıldı ki, burada həm də ermənilərə pulsuz xidmət göstərilir. 

Deputat deyib ki, bu məskunlaşdırma siyasətidir: 

"Görünən mənzərə 1828-ci ili xatırladır, sanki növbəti dəfə Qarabağa yerləşdirilməsi prosesi gedir -  onlar üçün ərazilər təmizlənir, məktəblər açılır, dərs vəsaitləri gətirilir, infrastruktur qurulur, modul yaşayış yerləri tikilir.

Bu, heç bir halda sülhməramlı missiyasına uyğun deyil, bu, faktiki olaraq ermənilərin zorla məskunlaşdırılması siyasətidir.

Baş verən insidentlə bağlı sülhməramlılar qeyd edir ki, hər iki tərəf atəşkəsə əməl etsin. Artıq atəşkəs yoxdur və ikinci bir tərəfdə yoxdur çünki Azərbaycan öz ərazisindədir, Hadrut və keçmiş Dağlıq Qarabağ da Azərbaycanın ərazisidir. 

Bəyanata əsasən, erməni silahlı birləşmələri qeyd-şərtsiz bu əraziləri tərk etməlidir.  Bu halda Rusiya sülhməramlıları öz missiyalarına uyğun olaraq onları dərhal ərazidən çıxartmalıdır,  yox, əgər terrorçular  rus sülhməramlılarına da tabe olmaqdan imtina edirlərsə, onda Azərbaycan DTX-nın əməliyyatını dayandırmaq üçün nəinki çağırış etmək lazımdır, hətta rus sülhməramlıları da bu anti-terror əməliyyatına qoşulmalıdır.

Rusiya Müdafiə Nazirliyinin insidentdən dərhal sonra – 13 dekabrda "xəritəni yenilədiyini” açıqlaması artıq Bəyanata da, sülhməramlı missiyasına da, ümumiyyətlə, rus ordusunun burda mövcudluğunun səbəbinə də həddən artıq böyük şübhə yaradır.
OXŞAR XƏBƏRLƏR