"Fevralın 1-dən etibarən Azərbaycanda sərt karantin rejiminin yumşaldılmasına baxmayaraq ölkəmizə xaricdən səfər qaydaları hələ də dəyişməyib. Yeni turizm mövsümünün başlanmasına az zaman qalsa da, bu qaydaların da dəyişdirilməsinə ehtiyac var. Əksər hallarda turistlər səfərlərini öncədən planlaşdırırlar. Sərt qaydaların götürülməməsi pandemiya yumşalacağı halda ölkəmizə gələn turistlərin sayına təsir göstərə bilər".
Bunu AZXEBER.COM-a deputat Vüqar bayramov deyib.
Onun sözlərinə görə, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər:
"Əgər bu meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PSR-testi nəticəsi olsa belə ölkəmizə daxil ola bilməz.
Bu baxımdan daha məqsədəuyğun olardı ki, müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin. Həmçinin AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilən arayışı tələb edir. Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişlər üçün bu bəzi hallarda çətinlik yaradır. Bir sıra digər ölkələrdə olduğu kimi bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur”.
Vüqar Bayramov onu da qeyd edib ki, rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sektorunda 81.5 min vətəndaşımız çalışır:
"İctimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir.
Səfər qaydalarının yumşaldılması eyni zamanda məşğulluq baxımdan da vacibdir”.
Sevinc Yasinqızı