Deputat: "Yaponiyada uşaq bağçalarında tərbiyəçilər kişilərdir"

SOSİAL
14:06 20.07.2022
1508
Təhsil üzrə ekspert Kamran Əsədov açıqlaması müzakirələrə səbəb olub. 

Ekspert bildirib ki, boşanmış və övladı vəfat etmiş şəxslər bağçaya işə götürülməməlidir.

"Boşanmış, övladı vəfat etmiş şəxslər bağçaya işə götürülməməlidir. Bağça rəhbərləri, orada çalışan təlim-tərbiyəçilərin mütləq şəkildə xarici görünüşü də yoxlanılmalı, xarici görünüşləri vahiməli olmamalıdır”, - deyə ekspert bildirib.

Kamran Əsədovun bu açıqlaması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əksəriyyət bu yanaşmaya tənqidi fikirlərini bildirib. 

Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev AZXEBER.COM-a açıqlamasında sözügedən məsələ ilə bağlı fikirlərini bildirib.

O, qeyd edib ki, boşanmanın olmasını bağçada işə qəbulla əlaqələndirmək düzgün deyil:

"Mən də həmin fikirlə tanış oldum, ancaq mən onun tərəfdarı deyiləm. Azərbaycanda və bütün dünyada boşanmalar müxtəlif səbəblərdən baş verir. Ona görə də, onu bağçada işə qəbulla əlaqələndirmək doğru deyil. Kamran müəllim dünya təcrübəsinə də istinad edib. Mən sizə maraqlı bir faktı deyim, məsələn, Yaponiyada uşaq bağçalarında tərbiyəçilər kişilərdir. Bu, dövlətin özünün təhsil strategiyasında üstün götürülür. Yəni, uşaqlar kişilərin yanında böyüyür. Orada boşanmışdan əlavə övladı vəfat etmiş şəxslər də deyir. Övladının vəfat etməsi də müxtəlif səbəblərdən ola bilər. Ona görə də, düşünürəm ki, bu, meyar olmamalıdır”. 

Millət vəkili sözügedən şəxslərin bağçalarda uşaqlara mənfi təsirinin olub-olmaması məsələsinə bu cür aydınlıq gətirib:

"Bağça müdiri və bağçaya rəhbərlik edən şəxslər göydən gəlib düşmür, onlar ya ali təhsilli olur, ya orta ixtisas təhsilli olurlar. Onlar psixologiya keçirlər, uşaq pedoqogikası ilə tanış olurlar, bunlardan imtahan verirlər. Yəni, onlar müəyyən təhsil görmüş şəxslərdirsə, onların davranışlarını da yəqin ki, korrektə etmiş olarlar. Başqa bir məsələ deyim, elə valideynlər var ki, övladları şikəstdir. Biz deyə bilərikmi ki, o da işləməməlidir? Məsələn, onda müəyyən aqressiya ola bilər deyə. Əslində onun keçdiyi həyat yolu bağçada, təhsilin ən əsas pillələrindən olan məktəbəqədər təhsildə özünün tərbiyəedici funksiyasına müsbət təsir göstərməlidir. Keçdiyi fənlər, gördüyü tədris, həyat yolu, ətraf aləm, uşaqlara qayğı və s”.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR