Deputatdan DTX-nın əməliyyatı haqda - AÇIQLAMA

Deputatdan DTX-nın əməliyyatı haqda - AÇIQLAMA
SİYASƏT
17:43 18.03.2026
263
Xəbər verdiyimiz kimi, ilin əvvəlindən xaricdə yaşayan bloqerlər Mehman və Emin Hüseynovlar, eləcə də Qabil Məmmədov Alena Əliyeva haqqında böhtan xarakterli məlumatlar yaymağa başlayıblar. Eyni vaxtda xaricdə olan bir şəxs Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə əlaqə saxlayaraq, guya Alena Əliyevaya aid olduğunu iddia etdiyi görüntülərlə şantaj edib və onların yayılmaması qarşılığında 5 milyon avro tələb edib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi açılıb. 

Əməliyyat nəticəsində Azərbaycan vətəndaşı F.S saxlanılıb və o, istintaq zamanı əməli törətdiyini etiraf edib.

Milli Məclisin deputatı Elman Nəsirov AZXEBER.COM-a açıqlamasında deyib ki, müasir texnologiyalar o qədər inkişaf edib ki, bəzən real materiallarla saxta materialları ayırd etmək belə çətinləşir:

"Əməliyyat nəticəsində bu cinayətin arxasında bir şəbəkə dayandığı məlum olub. Həmin şəbəkənin əsas üzvləri xarici ölkələrdə "siyasi bloqer” adı altında fəaliyyət göstərən şəxslərdir. Onlar gecə-gündüz Azərbaycan dövlətçiliyinə, xüsusilə də Prezident ailəsinə qarşı çirkin kampaniyalar aparır, saxta məlumatlar yayır, "deepfake” materiallar hazırlayırlar. Müasir texnologiyalar o qədər inkişaf edib ki, bəzən real materiallarla saxta materialları ayırd etmək belə çətinləşir. Bu imkanlardan sui-istifadə edən şəxslər cinayətkar niyyətlərini həyata keçirməyə çalışırlar. 

Araşdırmalar zamanı o da məlum olub ki, sosial şəbəkələrdə əxlaqsız həyat tərzi keçirən bir qadının görüntülərindən istifadə edilərək montaj olunmuş materiallar hazırlanıb və bu yolla manipulyasiya həyata keçirilib”.

Parlamentari vurğulayıb ki, cinayətkar qruplar bu texnologiyaların mənfi imkanlarından istifadə edirlər:

"Yaxın zamanlarda bu istiqamətdə daha dəqiq və rəsmi məlumatlar açıqlanacaq. Çünki saxlanılan şəxs artıq cinayətini etiraf edib və hadisənin detalları üzrə ifadə verib. Azərbaycan ictimaiyyəti də bu materialların bir hissəsini artıq görüb. Beləliklə, məsələnin mahiyyəti aydınlaşır. Əgər kimdəsə hər hansı şübhə var idisə, artıq bir çox məqamlar üzə çıxıb. Bu gün 21-ci əsrdə yaşayırıq və süni intellekt həyatımızın mühüm bir hissəsinə çevrilib. Bu, ölkələrin inkişaf göstəricilərindən biridir. Lakin hər şeyin iki tərəfi olduğu kimi, bunun da həm müsbət, həm də mənfi tərəfləri var. Təəssüf ki, cinayətkar qruplar bu texnologiyaların mənfi imkanlarından istifadə edərək böhtan kampaniyaları həyata keçirirlər”.

Deputat qeyd edib ki, Milli Məclisdə də bu məsələlərlə bağlı qanunvericilik təşəbbüsləri müzakirəyə çıxarılıb:

"Azərbaycan parlamentində də bu məsələlərlə bağlı qanunvericilik təşəbbüsləri müzakirəyə çıxarılıb. Cinayət Məcəlləsinə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və "Media haqqında” qanunlara müvafiq dəyişikliklər edilir ki, bu cür cinayətlərlə daha effektiv mübarizə aparılsın və təqsirkar şəxslər layiqli cəzalarını alsınlar”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR