Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat qeyd edib ki, şəhid adı müqəddəsdir, bizdə qanı pulla-para ilə satın alınacaq şəhid yoxdur:
"Yoldaş Kərimli başa düşməlidir ki, şəhid adı müqəddəsdir, bizdə qanı pulla-para ilə satın alınacaq şəhid yoxdur. Şəhidliyi pul meyarı ilə ölçdüyü və şəhidlərimizdən siyasi xal qazanmaq üçün manipuliyasiya alətinə çevirib şəhid ruhlarını təhqir etdiyi üçün ona çox ayıb olsun.
İkincisi, 90-cı illərdə Milli ordu və özünümüdafiə dəstələri üçün toplanan pulları və ölkənin ləl-cəvahirat fondunu köklü şəkildə talayan, yaxud ən yaxşı halda talanması cinayətinə hərəkətsizlik göstərməklə ortaq olan bir hakimiyyətdə ən ali pillələrin birini tutmuş adamın bu gün gərək şəhid, qazi, ordu ifadələrini dilinə gətirməyə üzü olmasın”.
Deputat qeyd edib ki, bu gün hər bir şəhid ailəsi övladının uğrunda şəhid olduğu o torpaqların kimin birbaşa təqsiri nəticəsində işğal olunduğunu bilir:
"Əli Kərimli başa düşsün ki, müharibə dövründə oğlunu Londonda gizlətməsi, özünün isə ambisiyalarını kənara qoyaraq milli həmrəyliyə dəstək verməməklə əks cəbhədən elə bu şəhid olan oğullara qarşı döyüşdüyünü xalq unutmayıb. İndi türklər demiş o patriot "hava" bizə işləməz.
Bu gün hər bir şəhid ailəsi bilir ki, övladının uğrunda həlak olduğu o torpaqlar kimin bir başa təqsiri nəticəsində işğal olunub. Kim 90-cı illərdə başımıza gələn bu bəlalara görə məsuliyyət daşıyır. Erməni kimin yaratdığı hərc-mərclikdən faydalanıb o torpaqlar tutmuşdu? İndi öz aləmlərində güya şəhidlərin haqlarını müdafiə edirlər, amma açıq deyirəm, bunların hər birinin əlində o şəhidlərin qanı var”.
B.Məhərrəmov dünyanın heç bir ölkəsində şəhid adına Azərbaycan qədər hörmət və ehtiramın olmadığını qeyd edib:
"Məsələnin digər tərəfinə gəlincə, dünyanın heç bir ölkəsində şəhid adına Azərbaycan qədər hörmət və ehtiram yoxdur və bununla fəxr edirik. İndi Kərimli müqayisə aparır, amma müqayisəsi də qüsurludur. Birincisi, dünya nəhəngi Rusiyanın imkanlarını Azərbaycanla müqayisə etmək özü siyasətçi adına biabırçılıqdır. Ukraynaya gəlincə, Rusiya amilinə görə bütün dünya Ukraynaya yardım edir, bu ölkəyə milyardlar axır. Silah, sursat, maliyyə vəsaiti. Azərbaycana kim yardım edirdi? Biz nə etmişiksə öz gücümüzə etmişik. Nə silah-sursat istifadə etmişiksə, hamısının pulunu ödəyib almışıq.
Bizə maddi dəstək göstərən olmayıb, bəli bizə arxa duran qardaşlarımız var idi, amma hər kəs bilir ki, bu kömək yalnız siyasi dəstəkdən ibarət olub və buna görə də hər bir tərəfdaşımıza minnətdarıq. Biz sosial həssas təbəqəyə imkanlarımız daxilində edilə biləcəyinin ən yaxşısını etmişik. O ki qaldı 11 min manat məsələsinə, bunu deyən də, yazan da zəhmət çəksin, şirə döndüyü manitorun arxasından qalxsın gedib bir şəhid qapısı döysün, soruşsun dövlət onlara hansı məbləğ ödəyib, nə qədər yerli icra orqanı, nə qədər digər strukturlar, nə qədər YAŞAT fondu? Bunu bilmirlər, çünki biri bir şəhid qapısını döyməyib. Sual verirəm, Əli Kərimli neçə şəhidin evində olub?”
Deputat bildirib ki, ucuz təfəkkürlü manipuliyatorlardan fərqli olaraq şəhid ailələri reallığı başa düşür, dövlətinə güvənir:
"Üstəlik, cənab İlham Əliyevin sərəncamı ilə yaxın 3 ildə bütün şəhid ailələri və əlilliyi olan qazilərimiz bir nəfər kimi ev və mənzillərlə təmin olunacaq. Onlara ödənilən aylıq məbləğlərin tədricən köklü surətdə artımı planlaşdırılır. Bilirsiz, nə edirsək edək, şəhidin, qazinin, onların ailələrinin haqqı ödənməz. Biz onlara nə etsək azdır, amma kənardan bu barədə danışanda da vicdanla danışmaq lazımdır.
Baxın, bu gün bir ölkə boyda ərazini sıfırdan yenidən qururuq, vətəndaşımıza layiqli yaşayışa uyğun vəziyyətə gıtiririk, üstəlik, hələ də təhdidlər var, ordumuzun gücü, müdafiə sənayesinin imkanları ciddi xərc tələb edir. Bu gün hər bir şəhid ailəsi başa düşür ki, əsas olan onların övladının şəhid olduğu dəyərləri qorumaqdır, ucuz təfəkkürlü manipuliyatorlardan fərqli olaraq şəhid ailələri reallığı başa düşür, dövlətinə güvənir, şəhidin qurban getdiyi ideallara inanır”.
Aydın Nuri