Xəbər verdiyimiz kimi, BBC Azərbaycanın Bakı ofisinin fəaliyyətinin dayandırılması haqda qərar qəbul olunub.
Fransanın Azərbaycandakı səfiri Ann Buayon hadisəyə özünəməxsus münasibət bildirib.
AZXEBER.COM xəbər verir ki, xanım səfir redaksiyanın bağlanmasının kədərli olduğunu bildirib:
"BBC-nin Azərbaycan dilində xidmət göstərməsi Azərbaycan xalqına, mədəniyyətinə hörmət və marağın göstəricisi idi. Bu həqiqətən kədərlidir. Fransa BBC-yə nə borclu olduğunu bilir”.
Xanım səfirin bu fikirlərinə cavab gecikməyib.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səfirə qərarlarımıza hörmət etməli olduğunu xatırladaraq qeyd edib:
"Xanım səfir, Fransa cinayətkarcasına istismar etdiyi Korsika xalqı, o cümlədən Dənizaşırı ərazilərdəki xalqlara da nə borclu olduğunu başa düşsə, yaxşı olar. Heç kim sizə ombudsman vəzifəsinə bürünməyi xahiş etməyib, suveren qərarlarımıza hörmət etməyi öyrənməlisiniz!”
Məsələyə geosiyasi müstəvidən yanaşan AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı AZXEBER.COM-a açıqlamasında Fransanın Azərbaycandakı səfiri Ann Buayonın BBC Azərbaycanın Bakıdakı ofisinin fəaliyyətinin dayandırılmasına verdiyi reaksiyay belə cavab verib:
"Fransız səfirin belə bir açıqlama verməsində təəccüblü heç nə görünməməlidir. Özlərinə xas olan açıqlamadır. Fransa ona yaxın olan media dayaqlarının ard-arda Azərbaycanda itirildiyinin fərqindədir. Bu media dayaqları bütövlükdə Amerika başda olmaqla Qərb dünyasının dayaqları idi”.
Politoloq bildirib ki, BBC kimi mətbuat orqanlarlnın haradan maliyyələşməsini hamı çox yaxşı dərk edir:
"Həmin mətbuat orqanlarının haradan maliyyələşməsi barədə hər kəs yaxşı bilir. Hər bir dövlətin öz daxili işidir, hansı media orqanlarının fəaliyyətinə icazə verib-verməməsi. Yaxşı olardı ki, xanım səfirin timsalında ölkəsi başqa bir müstəqil ölkənin daxili işlərinə qarışmasın. BBC təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə onların dili ilə fəaliyyət göstərir, indi hər bir ölkənin mədəniyyətinə hörmət əlaməti olaraq onun dilində fəaliyyət göstərir? Həmin ölkənin dövlət dili ilə fəaliyyət göstərməyib bəs hansı dildə fəaliyyət göstərəcək?
C. Abbaslı qeyd edib ki, BBC kimi mətbuat orqanları Azərbaycan əleyhinə və bilavasitə LGBT-ni təbliğ edən informasiyalarla çıxış edib:
"Azərbaycan mədəniyyəti dedikdə LGTB-nin təbliğatı nəzərdə tutulmur. Hansı ki, bu və ya digər xaricdən maliyyələşən media orqanlarında bu cür təbliğat gedir, Azərbaycan mədəniyyətinə əks olan məlumatlar tirajlanırdı. Bu baxımdan xanım səfirin kədərlənməsini haradasa başa düşmək olar. Amma "keçəl suya getməz". Azərbaycan dövləti son illərdə Fransaya layiqli yerini göstərib. Bir də Ermənistanin "böyük bacısı"nın səfirindən başqa hansı açıqlamanı gözləmək olardı? Anna Buayon ölkəsinin tapşırıqlarının icraçısıdır və təbii ki, bu cəsarəti də təmsil etdiyi dövlətdən alır.
Narahat olmağa dəyməz. Fransa hələ də Vətən müharibəsi ilə Azərbaycanın öz torpaqlarını "kiçik bacıları"ndan alması ilə barışa bilmir. Son 5 ildə olan təzyiqlər də bundan qaynaqlanır. Xanım səfir açıq şəkildə deyir ki, Fransa BBC-yə borclu olduğunu bilir. Bu açıq etirafdır. Hesab edirəm ki, Azərbaycan hökuməti xarici media subyektləri ilə bağlı atdığı addımlar doğrudur. Biz Vətən müharibəsi vaxtı çox şeylərin şahidi olduq. Təbii ki, hər bir ölkədə azad medianın və jurnalistlərin fəaliyyət göstərməsi çox vacibdir. Amma xaricdən maliyyələşməyə heç bir halda yol vermək olmaz. Bu bir ölkə üçün çox təhlükəlidir”.
Günel Hüseynli
Yazı Medianın İnkişafı Agentliyinin "ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda dərc edilib.