Deputatlar Gülər Əhmədovanın evə buraxılması üçün müraciət etdilər

SİYASƏT
11:01 21.08.2013
1492
Parlamentin sabiq üzvü ad gününü təcridxanada qeyd edib. Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın son məhkəmə prosesi barədə ilginc gəlişmə var. Bu barədə bizə açıqlamasında G.Əhmədovanın vəkili Raqif Mustafayev məlumat verib. Onun sözlərinə görə, avqustun 7-də Səbayel Rayon Məhkəməsində, ondan bir neçə gün sonra isə Apelyasiya Məhkəməsində baş tutan proses zamanı G.Əhmədovanın həbsinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı 3 deputat müraciət edib.Bunlar İlyas İsmayılov, Fazil Mustafa və Qüdrət Həsənquliyev olub.Amma nə ilkin, nə də apelyasiya instansiyası deputatların müraciətini nəzərə alıb. NəticədəG.Əhmədovanın həbs müddəti daha 3 ay uzadılıb.Xatırladaq ki, prosesə hakim Famil Nəsibov sədrlik edib. Prokuror qismində Elşad Məmmədov çıxış edib. Proses zamanı G.Əhmədova yarım saatlıq müdafiə çıxışı edib. Sabiq deputat həbsinin əsassız olması ilə bağlı arqumentli çıxış edib.Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bu müraciətin təfərrüatlarına toxundu. Onun sözlərinə görə, belə bir məktubla bağlı G.Əhmədovanın ailəsi tərəfindən ona müraciət olunub: “Şəxsən mənə müraciət olunmuşdu. Təbii ki, biz cinayət işinə, istintaqa qarışmırıq. Ona qarşı irəli sürülən ittihamla bağlı hansısa məsuliyyət varsa, bunun araşdırılmasının tərəfdarıyıq. Himayəsində uşaqlarının olmasını, səhhətindəki problemləri nəzərə alanda istintaqa və məhkəməyə humanist şəkildə müraciət etdik. İstintaq müddətində həbsinin ev dustaqlığı ilə əvəzlənməsini daha məqsədəuyğun hesab edirik. Daha öncə Nigar və Tofiq Yaqublular üçün də müraciət etmişdik. Bu məsələdə bir humanist addım atmağı düşündük. Təəssüf ki, müraciətimiz nəzərə alınmadı. Amma ailəsi tərəfindən yenidən müraciət olsa, yenə müraciət edərəm. Əgər adam təhlükə törətmirsə, qaçıb gizlənmək ehtimalı yoxsa, istintaq müddətində ailəsindən kənar qalması doğru deyil. İstintaq orqanları bunu etməməklə sərt üslub seçirlər”.F.Mustafa “siz Gülər Əhmədovanın günahsız olduğunu düşünürsüz” sualımıza cavabında isə bildirdi ki, məqsədi istintaqın işinə müdaxilə etmək deyil: “Günahı varsa, məsuliyyət daşıdığı sübut olunarsa, bu məsələni məhkəmə müəyyən edəcək. Amma evdə 3 övladı varsa, onların bir neçə ay himayədən kənar olması yaxşı hal deyil. Bir çox cinayətlər var ki, türmədə yatmadan da ev dustağı kimi istintaqın sonunu gözləmək mümkündür. Cinayəti sübut olunmayanda bir neçə ay, bəzən illərlə insanların həbsdə qalması halları olur ki, bu, heç də ədalətli deyil”.Modern.az saytı xəbər verir ki, avqustun 20-də həbsdə olan sabiq deputat Gülər Əhmədovanın ad günüdür. Psixologiya elmləri namizədi Gülər Əhmədova 1965-ci il avqust ayının 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi, 1996-cı ildən 2013-cü ilədək Respublika Uşaq Təşkilatının sədri, Bakı Dövlət Universitetinin müəllimi olub.Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan G.Əhmədova həm də Milli Məclisin deputatı idi.2010-cu ildə üçüncü dəfə deputat seçilmişdi.Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina etdi. Bu il fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçildi.G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.3 oğlan anası olan G.Əhmədova hazırda Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanılır.

OXŞAR XƏBƏRLƏR