Deputatlar məlumatı haradan alır? – Televiziya, saytlar, yoxsa sosial şəbəkələr?

Deputatlar məlumatı haradan alır? – Televiziya, saytlar, yoxsa sosial şəbəkələr?
SİYASƏT
14:53 13.07.2026
785
"Real TV”də yayımlanan "Media masası” verilişində tanınmış jurnalist Mirşahin Ağayevin televiziya ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. O, "Televizora baxmıram” ifadəsini işlədən insanlara münasibət bildirərək bunu tərbiyəsizlik və ədəbsizlik kimi qiymətləndirib. Ağayevin bu açıqlaması qısa müddətdə sosial şəbəkələrdə yayılıb, istifadəçilər arasında fərqli reaksiyalar doğurub. Bəziləri onun fikirlərini dəstəkləsə də, digərləri bunun hər kəsin şəxsi seçimindən asılı olduğunu bildiriblər.

Maraqlıdır, bəs ölkə qanunvericiliyini hazırlayan və ictimai-siyasi prosesləri yaxından izləyən deputatlar televiziya kanallarına baxırlarmı? Onlar gündəlik xəbərləri və baş verən hadisələr barədə məlumatı əsasən hansı mənbələrdən əldə edirlər?

AZXEBER.COM mövzu ilə deputatlar arasında sorğu keçirib.

Həmin sorğunu təqdim edirik:

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı: 

"Məlumatları informasiya agentliklərindən, televiziya kanallarından, həmçinin sosial mediada dəqiqliyini yoxladıqdan sonra əldə edirəm. Yaşadığımız dövr artıq informasiya dövrüdür. Mən deputat və ictimai-siyasi xadim kimi məlumatları əsasən yerli informasiya agentliklərindən və Türkiyə mətbuatından alıram. X hesabım da var və orada yayılan ciddi informasiyaları izləyərək istifadə edirəm.

Televiziyaya baxmağa çox vaxtım olmur. Lakin Azərbaycan televiziyalarını, xüsusilə xəbər kanallarını mütəmadi izləyirəm. Real TV-ni də izləyirəm. Hesab edirəm ki, Azərbaycanda məlumat əldə etmək üçün kifayət qədər etibarlı informasiya resursları mövcuddur”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu: 

"Televiziyalara baxıram. Əldə etdiyim məlumatların bir qismini televiziyalar vasitəsilə alıram. Son dövrlər Azərbaycanda xəbər siyasəti üzrə ixtisaslaşmış televiziyaların yaranmasına sevinirəm. Xəbər ehtiyacının bir qismini isə media agentlikləri, subyektlərindən, digər qismini isə beynəlxalq mənbələrdən və ixtisaslaşmış sosial şəbəkələrdən əldə edirəm”.

Milli Məclisin deputatı Fatma Yıldırım:

"Bəli, televiziya izləyirəm. Ən çox İctimai TV, AZTV və ARB-də xəbər və ictimai-siyasi proqramlara baxıram. Bununla yanaşı, gündəlik informasiyanı etibarlı xəbər portallarından, rəsmi dövlət qurumlarının açıqlamalarından və sosial media platformalarından da izləyirəm. Mənim üçün əsas meyar informasiyanın operativliyi və etibarlılığıdır”.
 
Milli Məclisin deputatı Səbinə Salmanova: 

"Televiziyaya mütəmadi baxmağa çalışıram. Xüsusilə xəbər buraxılışlarını, ictimai-siyasi və analitik proqramları izləyirəm. Daha çox AzTV, İTV, Real TV və digər televiziya kanallarını izləyərək ölkədə və dünyada baş verən proseslərlə tanış oluram. Hesab edirəm ki, televiziya hələ də cəmiyyətin məlumatlandırılmasında və gündəmin formalaşmasında mühüm rol oynayır.

İnformasiya əldə etmək üçün rəqəmsal media resurslarından da geniş istifadə edirəm. YouTube platformasında Müsavat TV və digər informasiya kanallarını izləyirəm. Müasir dövrdə xəbərlərin operativ şəkildə yayılması baxımından onlayn platformalar və sosial media mühüm üstünlüklərə malikdir. Lakin burada yayılan hər bir məlumatı yoxlanılmış və etibarlı mənbələrlə tutuşdurmağı vacib hesab edirəm.

Gündəlik fəaliyyətim parlament işi ilə sıx bağlı olduğundan operativ, obyektiv və dəqiq informasiya mənim üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan AZƏRTAC, Report, Haqqın.az və digər peşəkar xəbər agentliklərinin, eləcə də sizin sayt da daxil olmaqla müxtəlif xəbər portallarının məlumatlarını, həmçinin rəsmi dövlət qurumlarının açıqlamalarını mütəmadi izləyirəm. Fikrimcə, bu gün informasiya bolluğu şəraitində əsas məsələ xəbəri ilk alan olmaq deyil, doğru və təsdiqlənmiş məlumat əldə etməkdir”.

Milli Məclisin deputatı Fariz İsmayılzadə:

"Televizorda yalnız xəbərlərə baxıram”.

Milli Məclisin deputatı Vüqar İskəndərov:

"Bəli, televiziyaya baxıram. Əsasən AzTV, İctimai TV, ARB 24, Baku TV, Real TV və digər kanalları izləyirəm. Məlumatları həm televiziyadan, həm informasiya saytlarından, həm də beynəlxalq media qurumlarından əldə edirəm.
Ümumiyyətlə, məlumat almaq işin bir tərəfidir. Məncə, əsas məsələ həmin informasiyanı analiz etmək və sonradan onu emal edərək öz mövqeyini formalaşdırmaqdır. Paralel olaraq siyasi ədəbiyyata və digər mənbələrə də istinad etməyə çalışıram. Hesab edirəm ki, informasiyanı haradan almağımızdan asılı olmayaraq, yekun nəticə insanın öz təhlilinə və qənaətinə əsaslanmalıdır”.

Milli Məclisin deputatı Naqif Həmzəyev: 

Təbii” ki, TV-yə baxıram. Daha çox xəbər və siyasi proqramları izləyirəm. Amma, etiraf etmək lazımdır ki, xəbər saytları və xəbər agentlikləri vasitəsilə daha operativ şəkildə informasiya əldə etmək olur. 
Bununla yanaşı dilimizin qorunması və təbliği baxımından TV-lərin rolu əvəzsizdir”.

Milli Məclisin deputatı Elman Nəsirov:

"Mən informasiyanı daha çox xəbər saytlarından və sosial şəbəkələrdən alıram. Televiziyaya da baxıram və düşünürəm ki, televiziya uzun müddət informasiya mənbəyi kimi öz aktuallığını qoruyacaq. Lakin operativlik baxımından xəbər saytları və sosial media televiziyanı üstələyir.

Mən televiziyanı daha çox etibarlı və dəqiq informasiya mənbəyi kimi qiymətləndirirəm. Saytlarda və sosial şəbəkələrdə yayılan hər hansı məlumatı görəndə isə onu dərhal doğru hesab etmirəm, mütləq dəqiqləşdirməyə çalışıram.

İnternetin yayılması ilə qəzetlər əvvəlki aktuallığını xeyli itirdi. Televiziya da bu reallığı nəzərə alaraq fəaliyyətini dövrün tələblərinə uyğun qurmalıdır. Elə addımlar atmalıdır ki, öz tamaşaçısını itirməsin. Belə bir mühit formalaşmalıdır ki, insanlar əllərində telefon sosial şəbəkələrə baxmaq əvəzinə, televiziyaya üstünlük versinlər”.

Milli Məclisin deputatı Müşviq Cəfərov:

"Son aylar demək olar ki, televizora baxmıram. Məlumatı əsasən xəbər saytları, sosial şəbəkələr və teleqram üzərindən alıram”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR