"Bu gün məni unutmayan hər kəsdən Allah razı olsun. 87 yaşımda bu qədər diqqət və sevgi gözləmirdim".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında bu gün 87 yaşını qeyd edən Xalq artisti, "Şöhrət” və "İstiqlal” ordenli xanəndə Arif Babayev deyib.
Yeni yaşına doğmaları ilə birlikdə girən sənətkar arzularını dilə gətirib:
"Allaha şükür edirəm ki, hər şey yaxşıdır. Bu yeni yaşımda ölkəmizə əmin-amanlıq, özümə isə sağlamlıq arzu edirəm. Arzularımın ən böyüyü Qarabağı azad görmək idi. Hər zaman deyirdim ki, "Görəsən mən o günü görə biləcəyəm?". Bu gün Allaha çox şükür edirəm. Allah dövlət başçımızın canını sağ eləsin. Şəhidlərimizə Allah rəhmət eləsin, ordumuz var olsun. Bu gün ad günümdə gözləmədiyim sevgini, diqqəti gördüm. Hər kəs təbrik etmək üçün evimə gəlir. Hamınızdan çox razıyam. Məni yada saldığınız, unutmadığınız üçün minnətdaram".
Aysel Hacızadə