Bu il səhnə fəaliyyətinin 21 illiyi tamam olan Avroviziya təmsilçimiz Dilarə Kazımova təkcə Azərbaycan estrada aləmində yox, hətta dünyada ilk sənətçi kimi bir ilkə imza atıb.
AZXEBER.COM xəbər verir ki, ifaçı bu dəfə "Zirvə” adlı mahnını dinləyicilərə təqdim edib və əsəri üçün Azərbaycanın ən hündür zirvəsi olan Böyük Qafqaz dağlarının Bazardüzü zirvəsinə qalxaraq tamamilə fərqli klip ərsəyə gətirib. O, bu layihəsi ilə ölkəsinin ən yüksək zirvəsində klip çəkdirən ilk sənətçi kimi dünya tarixinə düşüb.
Mahnının söz və musiqisi Çinar Shenaya, aranjimanı isə Murad Əliyev və Dilarə Kazımovaya məxsusdur. Miks və masterinqi Samir Əsədov edib.
Dinamik və xalqımız üçün əsl cəsarət, əzm və ilham təcəssümünü yansıdan klip haqqında sənətçi təəssüratlarını bölüşüb:
"Çalışdığım şirkət "Zirvə” mahnısını ilk dəfə eşidəndə ilk başda qəbul edilməyən bir ideya təklif etdi. Çünki bu ideya həddindən artıq riskli və çətin görünürdü, vaxt da az idi. Lakin… hər zaman bir "lakin” var, deyilmi? Beləcə, qərar verdik ki, "Zirvə”ni zirvədə çəkəcəyik. Adətən heç bir fiziki hazırlığı olmayan insanların belə layihə üçün möhkəmlənməsi ən azı yarım il çəkir. Məyər buna fikir verən oldu? Əlbəttə, yox! Zirvəyə aparan yol sözün əsl mənasında çətin bir sınaq oldu.
Gözlənilməz hava şəraiti, nəfəsi kəsən külək, soyuq və buz kimi küləkdən də betər yandıran günəş, dağ sanki bizi sınağa çəkirdi. Biz irəlilədikcə zirvə bizdən uzaqlaşırdı. Atılan hər bir addım yeni həyat kimi idi. Keçilən hər metr təbiətə və özünə meydan oxumaq idi.
Əsl transformasiya zirvədə deyil, gediş zamanı yaşandı. Sən yerə artıq başqa bir insan kimi qayıdırsan. Bu, sadə bir yorğunluq deyil. Bu, sadəcə bir zövq, heyranlıq deyil. Bu, səndən bir parçanın həmişəlik orada – küləklər və buludların arasında qaldığını hiss etməkdir. Biz özümüzü və bütün ölkəni ilhamlandıracaq bir iş ortaya qoymaq istədik və bunu bacardıq.
Beləliklə, "Zirvə” mahnısı Azərbaycanın ən yüksək zirvəsindən səslənib. Bu, nəyin bahasına olursa olsun öz zirvəsini fəth etməyə qərarlı olanlar üçün ilham mənbəyi olacaq”.
Qeyd edək ki, Azərbaycanın ən hündür zirvəsi olan Bazardüzü Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində, dəniz səviyyəsindən 4466 metr yüksəklikdə yerləşir.
Aysel
-