Elnur Niftəliyev
Jurnalist, Filologiya üzrə Fəlsəfə doktoru
Daşkəndlə Özbəkistanın ikinci böyük şəhəri Səmərqənd arasında məsafə 300 kilometrdir. Səhər tezdən 08:00-da şəhərlərarası "Afrasiyab” sürət qatarı ilə Özbəkistan paytaxtından bu qədim şəhərə yola düşdüm. Öncə onu deyim ki, bu qatarla səyahət o qədər rahat idi ki, 2 saat 10 dəqiqənin necə keçdiyini hiss etmədim. Sürət həddi isə saatda 170-190 kilometrdir. Bəzi məcburi hallarda sürət 120-130-a düşürdü. Bunu, salonda quraşdırılan elektron löhvədən müşahidə etmək olur. Yüksək sürətlə bərabər, yüksək səviyyəli qulluq da öz yerində. Rahatlıq, təmizlik, sözün əsl mənasında gülərüz xidmət, bütün suallara aydınlıq gətirməyə hər an hazır bələdçilər... Qiymət də ki, münasib. Bizim pulla təxminən 12 manat.
Daşkənddən cəmi yarım saatlıq zaman kəsiyində uzaqlaşmışdıq ki, hər tərəfin bəyaz qarla örtüldüyünü gördüm. Səmərqəndi doyunca gəzmək arzumun gerçəkləşməyəcəyi ehtimalını düşünürdüm ki, bələdçi isti çay və ya kofe içəcəyimi soruşdu. İnanın, bu, lap yerinə düşdü... Özbək şiriniyyatı ilə çayı nuş etdikdən sonra, yanımda əyləşən özbək həkimlə bir qədər söhbətləşdik. Mənim Azərbaycandan olduğumu biləndə necə sevindisə, qürurumdan elə sürət qatarı kimi sanki mən də uçurdum. Professor Əkrəm Fazilov deyir ki, biz, sizin xalqı çox sevirik. Eyni zamanda fəxr edirik ki, qədimdən belə bir xalqla sıx əlaqələrimiz olub.
Yol boyu müşahidə etdiyim yalnız kiçik evlər və böyük əkin sahələri oldu. Zərəfşan çayının üzərindən keçib, Səmərqəndə çatanda isə bəyaza bürünmüş çölləri, günəşli bir şəhər əvəzlədi. Yaşı Babil və Roma şəhərlərinin yaşı ilə müqayisə olunan, tarixi və memarlıq abidələri ilə zəngin, vaxtı ilə Əmir Teymurun paytaxt elan etdiyi Səmərqənd şəhərində idik. Onu "Şərqin Roma"sı, "Göylər altında olan ən gözəl şəhər", "Şərqin mirvarisi" də adlandırılar.
Səmərqənddə səmərəli təklif...
Sürət qatarından enib şəhərlə tanışlığa başlamaq istəyirdim ki, bir neçə taksi sürücüsü şəhər gəzintisi ilə bağlı müxtəlif təkliflər irəli sürdü. Mən əslən Cənubi Azərbaycandan olan Əliaslan Bağırovun xidmətlərindən yararlandım. Öncədən deyim ki, 7-8 saat ərzində məni öz avtomobili ilə gəzdirdi. Şəhər və onun abidələri barədə ətraflı məlumat verdi. Bütün bu xidmətin qarşılığnda isə təxminən 30 Azərbaycan manatı ödəməli oldum. Hər məkanla tanışlığa isə təxminən 25-30 dəqiqə vaxt sərf etdim. Onların sırasında Bibixanım məscidi, Uluqbəy rəsədxanası və mədrəsəsi, Şahı Zində məqbərəsi, Əmir Teymur və onun nəslinin uyuduğu Qur-Əmir mavzoleyi, Reqistan meydanının adını xüsusi vurğulamaq istəyirəm.
Əmir Teymurun uyuduğu movzoley
Şəhərin mərkəzində Əmir Teymurun abidəsi diqqətimi çəkir. Bələdçim məlumat verir ki, 1995-ci ildə Daşkəndin mərkəzində Karl Marksın heykəlini yıxıb, yerində Əmir Teymurun at üstündə əzəmətli abidəsi ucaldılıb. Teymurilərin elm, sənət məbədi, dünya elminə misilsiz töhfələr verən, böyük alimlər yetişdirən Səmərqənd şəhəri ilə tanışlığım, Əmir Teymurun məqbərəsindən başladı. Böyük türk sərkərdəsi, fatehi Teymurun ən böyük arzularından biri Səmərqəndin inkişafı, möhtəşəm abidələrə sahib, ən gözəl paytaxt olması idi. O, ələ keçirdiyi bütün ölkələrdən ustaları, memarları, zərgərləri və inşaatçıları imperiyasının paytaxtı Səmərqəndə göndərirdi. Bunun nəticəsidir ki, indi də bu şəhər dünya mədəniyyətinin, memarlığının ən gözəl nümunələrinə sahibdir və onların çoxu YUNESKO-nun dünya irsinə düşüb. Əmir Teymur özü isə dünya tarixində, heç bir böyük müharibədə məğlub olmayan hökmdar kimi qalıb. Movzeleydə Əmir Teymurdan və Məhəmməd Sultandan başqa, Uluqbəy, Miranşah, Şahrux xan və Əmir Teymurun müəllimi Mir Səid Baraka da dəfn olunub. Uluq bəyin hakimiyyəti dövründə Əmir Teymurun qəbrinin üzəri tünd yaşıl rəngli - hade daşı ilə örtülüb.
Səmərqəndin ürəyi - Registan
Səmərqənd turunun daha bir dayanacağı və əsas ünvanlarından biri Registandır. O dövrdə, bu ərazilərdə bütün şəhərlərin registanı, yəni meydanı olub. Şəhər həyatı o meydanda qaynayır, dövlət işləri oradan car çəkilir, bazar günü alış-verişi orada qurulur, bayramlar, hətta edamlar da orada gerçəkləşirdi. Səmərqəndin registanında bu şəhərin rəmzi olan 3 məşhur 0mədrəsə yerləşir və onların hər birinə baxdıqca, onlara yaxınlaşdıqca heyrətdən donursan... Onlardan ən qədimi 15-ci əsrdə tikilən Uluq bəy mədrəsəsidir. Onunla üz-üzə duran 17-ci əsrə aid Şir-Dor mədrəsəsidir. Ortadakı isə yenə 17-ci əsrə aid Tilla-Karı mədrəsəsidir. Bu mədrəsələr zaman-zaman dövlət adamları, ruhanilər, alimlər, memarlar, sərkərdələr, diplomatlar yetişdirib. İki ildən bir keçirilən "Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı da məhz bu məkanda gerçəkləşir.
Bibi xanım məscidi
Bibi xanım məscidi təkcə Səmərqənd və Özbəkistan deyil, müsəlman aləmində ucaldılmış ən möhtəşəm tikililər sırasına daxildir. Bu tikili hələ də öz möhtəşəmliyi və dekorativ tərtibatının zənginliyi ilə heyrətamiz təsir bağışlayır. Başqa sözlə desək, Bibi xanım məscidi hündür minarələri ilə bütün dünyaya meydan oxuyur. Əfsanəyə görə, Teymurun sevimli həyat yoldaşı Bibi xanım, bu məscidi öz hökmdarının növbəti yürüşdən qayıtması şərəfinə hədiyyə olaraq tikdirib və məscidin inşası üçün imperiyanın ən yaxşı memarlarını burda bir araya gətirib. Məscidin tikintisinə 1399-cu ildə başlanılıb və 1404-cü ildə işlər yekunlaşıb.
Məşhur Şahı-Zində
Şahı-Zində memarlıq kompleksi isə "Min bir gecə" nağıllarını xatırladır. Bələdçim məlumat verir ki, bu kompleksin əsası hələ İslamdan öncə qoyulub və insanların sitayiş yeri olub. Şahı-Zində kompleksi iki dəfə - monqol işğalından əvvəl qismən, əsasən isə Əmir Teymur və Uluqbəyin vaxtında inşa edilib. Burada Əmir Teymurun qohumları və məşhur din, elm xadimləri dəfn olunub. Bütün ziyarətgahlarda olduğu kimi, burda da qələbəlik idi. Həm yerli sakinlər, (onlar daha çox dini ayinləri icra edirdilər) həm də tiristlər. Amma bütün bu qələbəliklə yanaşı, qəribə bir sakitlik insana fərqli hisslər yaşadır… Digər məkanlarda olduğu kimi Şahı-Zində də memarlıq üslubu insanı heyrətləndirməyə bilməz. Daha çox mavi-yaşıl naxışların üzərinə düşən günəş şuaları, bu tikililərə sanki canlılıq bəxş edir. Hər naxışda bir nəqqaşın izi yaşayır desək, daha doğru olar. Memarlıq kompleksində çoxlu sayda məqbərə sıralanıb. Məqbərələrin içində isə çox sayda sərdabə. Təpənin yuxarı hissəsində tikilən Cəlaləddin Rumi məqbərəsi xüsusən diqqət çəkir. Bələdçim Əliaslan bəy deyir ki, o, Əmir Teymurun nəvəsi Uluqbəyin yaxın dostu olmaqla yanaşı, dövrünün böyük riyaziyyatçısı və münəccimi idi. Ona görə də Uluqbəy onun məqbərəsini ən yuxarı hissədə inşa etdirib. Bu da Teymurilərin elm xadimlərinə olan hörmətinin nümunəsidir.
Hökmdar və astronom Uluqbəyin Rəsədxanası…
Uluqbəy rəsədxanası və ya Səmərqənd rəsədxanası — orta əsrlərin ən böyük rəsədxanalarından biri. Əmir Teymurun nəvəsi olan, mütəfəkkir, fizik və astronom Uluqbəyin əmri ilə Səmərqənddə 1400-cü illərin əvəllərində inşa edilib. İndi də demək olar ki, dünyanın bütün astronomları Uluqbəyin astronomim ölçü vahidləri ilə işləyirlər. Uluqbəyin ölçü vahidinə görə 1 ulduz ilinin ölçüsü 365 gün, 6 saat, 10 dəqiqə, 8 saniyədir. Rəsədxananın alt hissəsində dərinlikdə saxlanılan tarixi abidə əsrlərə şahidlik edib. Astronomiyanın inkişafında, əsasən də astronomik müşahidələrin aparılmasında, fəza cisimlərinin öyrənilməsində Uluqbəy Rəsədxanası əhəmiyyətli rola malik olub. Bələdçim Əliaslan bəy deyir ki, Uluqbəyin ulduzların öyrənilməsi sahəsində gördüyü işləri müasir dövrdə yalnız ABŞ-ın kosmosun tədqiqi ilə bağlı həyata keçirdiyi qlobal layihələrlə müqayisə etmək olar. Amma bir reallıq da var ki, Uluqbəyin həddindən artıq elmlə məşğul olması və babasının işğalçılıq siyasətini davam etdirməməsi ətrafındakılar tərəfindən onun zəif xarakterli dövlət xadimi kimi qiymətləndirilməsinə səbəb olub. Düşmənlərinin taxt-tac iddiasına son qoymaq məqsədi ilə Uluqbəy Xorasana hərbi yürüş edib. Lakin bu yürüş onun üçün uğursuz nəticələndi və döyüşdə Uluqbəy ağır məğlubiyyətə düçar olub.
Diləklərin qəbul olunduğu məkan…
Bələdçim dedi ki, Səmərqəndə gəlib Daniyel Peyğəmbərin ziyarətgahına baş çəkməsəniz, zənn edin ki, heç bu şəhərdə olmamısınız. Düzünü desəm, bu fikir məni o qədər ovsunladı ki, sürət qatarı üçün aldığım geri dönüş biletinin vaxtına az qaldığını belə unutdum. Siab çayının üst hissəsində yerləşən bu məqbərəyə müsəlmanlar da, xristianlar da, yəhudilər də gəlib ibadət və dualar edirlər. Əfsanəyə görə, Daniyel Peyğəmbərin bir qolu Əmir Teymurun tapşırığı ilə Səmərqəndə gətirilib və burda basdırılıb ki, torpaq bərəkətli olsun. Çünki onu vaxtı ilə həm də "Bərəkət Peyğəmbər” adlandırıblar. Digər versiyalar da var… Məzarın yaxınlığında olan dirilik bulağını müqəddəs hesab edən ziyartəçilər ondan içib, dua edir və deyilənlərə görə diləkləri qəbul olunur.
Mənim də diləyim qəbul oldu. Amma Daniyel Peyğəmbəri ziyarətdən öncə. Əsrlərə şahidlik edən Səmərqənd şəhərini görməyi çoxdan arzulayırdım. Nəhayət, Özbəkistana bu dəfəki səfərim zamanı bu gerçəkləşdi.