Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA

Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
SOSİAL
07:39 09.07.2025
355
İmişli rayonunun Yalavac kənd sakini, 33 yaşlı Şəbnəm Kərimovanın Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə doğuş zamanı ölməsinin təfərrüatı məlum olub.

AZXEBER.COM  "Teleqraf"a istinadla xəbər verir ki, Yalavac kənd sahə həkimi, mamaça Xuraman Cəfərova bildirib ki, qadını üç gün əvvəl müayinə edib və hər hansı problem aşkarlamayıb.

"Şəbnəm Kərimova hamiləliyi tam normal keçirib, sonuncu müayinə də bunu göstərdi. Yoldaşı ilə də danışmışam. Dedim, yenə də diqqətli olun", - həkim söyləyib.

X.Cəfərova deyib ki, ultrasəs müayinə də hamilə qadının vəziyyətinin normal olduğunu təsdiqləyib:

"Yoldaşı dedi ki, indicə Şəbnəmi UZİ müayinəsindən gətirirəm. Həkim deyib ki, hər şey normaldır. Onların iki böyük məktəbli qız övladları var. Bir dəfə də hamilə qalıb, qız olduğuna görə abort etdiriblər - oğlan istəyirmişlər. Bu, dördüncü hamiləliyi olub. Ananın ölümünü eşidib pis olmuşam. Çox bədbəxt hadisədir. Heç həkim deyiləm, bir vətəndaşam. Ortada ana ölümü var".

Qeyd edək ki, hadisə ilə bağlı TƏBİB də məlumat yayıb.

"İyulun 7-də saat 18:00-da 1992-ci il təvəllüdlü hamilə qadın İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub. Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

İyulun 8-də saat 13:50-də doğuşa alınan şəxsin boyu 52 sm, çəkisi 4 kq 200 qr, cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda körpənin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18 radələrində onun ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib", - məlumatda bildirilib.
OXŞAR XƏBƏRLƏR