"Dövlət başçısının ailəsini saxta məlumatlarla, deepfake məzmunlarla şantaj etmək cəhdi əslində ləyaqət və məsuliyyət hissini itirmiş şəxslərin müasir informasiya və kommunikasiya texnologiyalarından, süni intellektin imkanlarından istifadə etməklə nə qədər ağır cinayətlərə əl ata bildiklərini və cəmiyyət üçün nə qədər təhlükəli olduqlarını təsdiqləyir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O bildirib ki, baş verənlərə həm mənəvi, həm də hüquqi cəhətdən yanaşmaq lazımdır:
"Baş verənlərə həm mənəvi, həm də hüquqi cəhətdən yanaşmaq lazımdır. DTX-nın əməliyyatı, kimliyindən asılı olmayaraq, ölkəmizin qanunlarını pozan hər kəsin ədalət məhkəməsinin hökmünə tabe etdiriləcəyini, Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanlarının hüquqi əsaslara söykənən təqibindən yayına bilməyəcəyini sübuta yetirir. Məsələnin mənəvi tərəfi isə məni bir Azərbaycan vətəndaşı kimi daha çox narahat edir. Bu həm də çox ağır və bağışlanılması mümkün olmayan mənəvi cinayətdir”.
Deputat bildirib ki, belə şəxslər mütləq cavab verməli olacaqlar:
"Azərbaycan xalqına, dövlətinə və xalqımızın dəyərlərinə qarşı çirkin kampaniya aparanlar harada gizlənmələrindən asılı olmayaraq, mütləq cavab verməli olacaqlar.
Əslində, dövlətimizin başçısına, onun ailəsinə, bütövlükdə isə xalqımıza, dövlətimizə, cəmiyyətimizə qarşı iftira, yalan, böhtan yolunu seçənlərlə terrorçular arasında heç bir fərq yoxdur. Şübhə etmirəm ki, bəsit, ikrah doğuran, hər cür insani dəyərlərə zidd əməllərlə bu gün ölkə xaricindən informasiya məkanımıza yalan, böhtan püskürənlərin ədalət məhkəməsi qarşında dayanacaqlarının mütləq şahidi olacağıq”.
Parlamentari qeyd edib ki, xaricdə yaşayaraq dövlətimizə qarşı iftira yolunu seçənlər Azərbaycan xalqının immun sisteminin özündən kənara atdığı bioloji varlıqlardır:
"Əslində, xaricdə yaşayan və xalqımıza, cəmiyyətimizə, dövlətimizə qarşı iftira yolunu seçənlər Azərbaycan xalqının immun sisteminin özündən kənara atdığı bioloji varlıqlardır. Belələrinə dəyərlər, dövlətin və xalqın mənafeyi kimi yüksək anlayışlar çərçivəsindən yanaşmaq və səslənmək də mümkün deyil. Heç vaxt islah olunmayacaq, bilərəkdən xarici maraqların, həm də iyrənc bir şəkildə daşıyıcısına çevrilən, xalq, dövlət və insanlıq üçün heç bir dəyəri olmayan bu xəyanət virusu daşıyıclarının adını çəkmək belə ikrah doğurur”.
O qeyd edib ki, həmin şəxslər heç nəyə nail ola bilməyəcəklər:
"Vaxtilə onları xaricə göndərənlər, həmçinin erməni diasporu və xüsusi xidmət orqanları da daxil olmaqla yararlanmağa çalışanlar heç nəyə nail ola bilmədilər. Belələrinin qarşısına qoyulan əsas hədəf Azərbaycan xalqının mənəvi dəyərlərini, qarşılıqlı sivil, mədəni münasibətlər sistemini zədələməkdən, əxlaqi dəyərləri gözdən salmaqdan, hər cür əxlaqsız əməlləri, davranışları adiləşdirməkdən ibarət idi və heç bir nəticə əldə edə bilmədilər, etmələri də mümkün deyildi”.
E.Mirzəbəyli söyləyib ki, bu söyüş "terminator”larının, mənəviyyat terrorçularının öz əməllərinə görə cavab vermələrinin vaxtıdır:
"Bu söyüş "terminator”larının, mənəviyyat terrorçularının öz əməllərinə görə cavab vermələrinin vaxtıdır. DTX-nın keçirdiyi son əməliyyat isə onların iç izünün bütün iyrəncliyini bir daha gün üzünə çıxardı”.
Şahanə Ziyad











































