Dubayda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olundu

MARAQLI
11:30 30.12.2012
1334

Azərbaycanın Dubaydakı Baş Konsulluğu və BƏƏ-də fəaliyyət göstərən "Azərbaycan" cəmiyyətinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir.AZXEBER.COM-un məlumatına görə, dekabrın 27-də Azərbaycan Respublikasının Dubaydakı baş konsulluğu və BƏƏ-də fəaliyyət göstərən "Azərbaycan" cəmiyyətinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə qonaq qismində səfirliyin əməkdaşları, Azərbaycan Hava Yolları Dövlət Konserninin Dubay üzrə nümayəndəsi, Azərbaycan təşkilatlarının və şirkətlərinin regional ofislərinin təmsilçiləri, diaspor üzvləri, yerli mətbuat və ictimaiyyət nümayəndələri iştirak etmişlər.Tədbirin açılış hissəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunmuşdur.Daha sonra giriş nitqi ilə Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə çıxış edərək, azərbaycanlıların minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq, dünya sivilizasiyasına böyük töhfələr verdiyini, lakin böyük imperiyaların siyasəti nəticəsində Azərbaycanın iki yerə bölündüyünü, qonşu Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qaldığını, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini bildirmişdir.Hazırda dünyanın bir sıra bölgələrində, o cümlədən İranda, Türkiyədə, Müstəqil Dövlətlər Birliyində, Avropada, Amerikada və Yaxın Şərq regionunda 50 milyondan çox azərbaycanlının yaşadığını qeyd edən baş konsul Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə Naxçıvan Ali Məclisinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması barədə qərar qəbul etdiyini diqqətə çatdırmışdır.Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyinin əldə olunmasında, ölkədə və dünyada azərbaycançılıq anlayışının milli təfəkkür tərzinə çevrilməsində mühüm rol oynadığını bildirən baş konsul ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yerinə çevrildiyini vurğulamışdır.Çıxışın sonunda baş konsul dünya azərbaycanlılarının həmrəyliyi gününün milli bayram kimi ildən-ilə daha geniş vüsət alaraq, dünyanın bir sıra ölkələrində yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdıraraq, soydaşlarımızı həmrəylik günü münasibətilə təbrik etmişdir.Daha sonra BƏƏ-də fəaliyyət göstərən "Azərbaycan" cəmiyyətinin sədri, diaspor rəhbəri Samir İmanov və AR-in BƏƏ-dəki səfirliyinin müşaviri İlham Nəzərli çıxış edərək, həmrəylik günü ilə bağlı ürək sözlərini çatdırmışlar.Tədbirdə AZTV tərəfindən hazırlanmış, Azərbaycanın müxtəlif regionlarının füsunkar təbiətini, zəngin tarixini, mədəniyyətini, memarlıq abidələrini təbliğ edən, ölkə quruculuğundan, müxtəlif sahələrdə əldə nailiyyətlərdən bəhs edən sənədli film nümayiş etdirilmişdir. 

OXŞAR XƏBƏRLƏR