Dünya Bankı inkişaf etməkdə olan ölkələri kiçik süni intellekt modellərinin hazırlanmasına çağırıb.
AZXEBER.COM "The Guardian"a istinadən xəbər verir ki, bunu Dünya Bankının biliklər üzrə baş direktoru Paskal Donohoe bildirib.
Onun sözlərinə görə, mobil telefonlarda işləyən və güclü internet bağlantısı tələb etməyən süni intellekt sistemləri iqtisadi inkişafı sürətləndirə bilər.
Donohoe qeyd edib ki, bu texnologiyalar yerli dillərə və əhalinin ehtiyaclarına uyğunlaşdırılmalıdır.
O, Hindistanda fermerlərin torpağın vəziyyəti barədə məlumat almaq üçün süni intellektdən istifadəsini nümunə göstərib.
Dünya Bankının rəsmisi bildirib ki, əvvəllər yüzilliklər tələb edən iqtisadi inkişaf prosesləri bu texnologiyalar sayəsində bir neçə onillik ərzində mümkün ola bilər.
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva isə süni intellektin əmək bazarına təsiri barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, dünyada iş yerlərinin təxminən 40 faizi süni intellektin təsirinə məruz qala bilər. Bu texnologiya bəzi iş yerlərini aradan qaldıra, digərlərində isə əmək fəaliyyətini dəyişdirə bilər.
Georgiyeva xüsusilə əmək bazarına yeni daxil olan gənclərin risk altında olduğunu vurğulayıb.
O, süni intellektin geniş tətbiqi üçün elektrik enerjisi, internet infrastrukturu və təhlükəsizlik tədbirlərinin vacibliyini qeyd edib.
APA///











































