Litvanın paytaxtı Vilnüsdə keçirilən üçtərəfli görüşdən İsveçin NATO-ya üzvlüyü ilə bağlı çıxan qərar dünyanın gündəmindədir.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Vilnüsdə keçirilən üçtərəfli görüşdən sonra Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi dünya mətbuatında geniş işıqlandırılıb.
ABŞ-da nəşr olunan "Washington Post” qəzeti yazıb ki, Rəcəb Tayyib Ərdoğan ilə Co Bayden arasında bazar günü telefon danışığı zamanı Ərdoğanın hələ də İsveçin üzvlüyünə qarşı səbəblərin olduğunu qeyd edib.
Qəzetə danışan adının açıqlamasını istəməyən NATO-nun yüksək rütbəli diplomatı Rəcəb Tayyib Ərdoğanın hələ də müqavilədən çıxa biləcəyini vurğulayıb.
Qəzet Türkiyənin əsas məqsədlərindən birinin ABŞ ilə F-16 müqaviləsini tamamlamaq olduğuna diqqət çəkib. Xəbərdə, üçlü zirvə toplantısından sonra yayımlanan ortaq bəyanatda təyyarələrlə bağlı açıqlama verilmədiyi, ancaq ABŞ ilə razılaşmanın olub-olmaması ilə bağlı qeyri-müəyyənlik olduğu vurğulanıb.
"Washington Post"un qərarla bağlı yayımladığı yazıda Ərdoğanın praqmatik lider olduğu qeyd edilib:
"Ərdoğan Türkiyənin Qərblə daha yaxşı münasibətlərə ehtiyacı olduğunu bilir. Vilnüs sammitində istifadə edərək bir dövlət xadimi kimi başqa hansı sövdələşmələrin edilə biləcəyini görə biləcək. Türkiyənin NATO və Qərblə daha yaxşı əlaqələr qurması üçün fürsət pəncərəsi həmişəlik açıq qalmayacaq. Gələcək üçün Türkiyənin daxili məsələlər üzərində işləməyə hazır olması lazımdır”.
"New York Times” qəzeti də mövzu ilə bağlı xəbərində Türkiyənin İsveçin üzvlüyünü təsdiqləməsinin kritik zirvə öncəsi NATO-nun imicini gücləndirdiyini yazıb.
"New York Times” razılaşmanın NATO-nun baş katibi Yens Stoltenberqin qələbəsi olduğu bildirib.
Co Baydenin razılaşmadan dərhal sonra Avro-Atlantikada müdafiə və çəkindirmə gücünü artırmaq üçün prezident Ərdoğan və Türkiyə ilə işləməyə hazır olduğunu qeyd edib.
Qəzet bu açıqlamanın Türkiyənin tələb etdiyi F-16-ların satışına işarə kimi şərh edildiyinə diqqət çəkib.
Şəbnəm Zahir