İngiltərədə yaşayan 8 yaşlı Bodhana Sivanandan inanılmaz istedadı ilə bütün dünya şahmatçılarını təəccübləndirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin Hərou bölgəsində yaşayan 8 yaşlı Bodhana Sivanandan şahmatdakı qeyri-adi uğuru ilə "Avropanın şahmat kraliçası" olaraq xarakterizə edilir.
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən qadınlar arasında şahmat üzrə Avropa çempionatının sürətli yarış kateqoriyasında böyüklər üzrə rəqiblərinə qalib gələn balaca qız şahmatın aparıcı adları tərəfindən inanılmaz istedad kimi yadda qalıb.
Uğurları ilə şahmat tarixinə düşən Bodhana şahmat ustaları arasında 555 oyunçu arasında 73-cü yeri tutaraq böyük uğura imza atıb.
Britaniya Şahmat Federasiyasının prezidenti Dominik Lovson bildirib ki, Bodhananın uğuru sürpriz deyil, çünki balaca qız artıq fenomenə çevrilib.
Lovson qeyd edib ki, Bodhana çox yetkin oyun tərzinə malikdir və stratejidir.
Bacarıqlarını artırmaq üçün davamlı olaraq şahmat tapmacalarını həll edən Bodhana Covid-19 pandemiyası zamanı 5 yaşında şahmat oynamağa başlayıb.
Balaca qız şahmat fiqurlarını çox sevdiyini və oynamağa başladığını, atasının köməyi ilə oyunu "YouTube"də öyrəndiyini bildirib.
Qeyd edək ki, Bodhana ötən ilin yayında Böyük Britaniyanın baş naziri Rişi Sunak tərəfindən nazirliyə dəvət edilmişdi.
Məqsədinin Şahmat Olimpiadasında medal qazanmaq olduğunu deyən kiçik qız arzusunun dünyaca məşhur şahmat ustası olmaq olduğunu bildirir.