Dünya şöhrətli müğənni Robertino Loretti Aybəniz Haşımovanın tələbəsinə heyran oldu
MƏDƏNİYYƏT
22:55 27.11.2012
1875
Əməkdar artist Aybəniz Haşımovanın tələbəsi, onun yaratdığı "Bülbüllər" qrupunun solisti Fərid Məmmədov Robertino Lorettinin ən yüksək qiymətini aldı. Sənətkarın AZXEBER.COM-a verdiyi məlumata görə, hal-hazırda Bakıda olan dünya şöhrətli musiqiçi, səsi ilə bütün dünyanı əsirinə çevirən ifaçı öz hisslərinin belə ifadə edib: "Mən çox festivallarda, çox ölkələrdə gənc səslər eşitmişəm, amma belə səs eşitməmişdim. Fərid Məmmədovun səsi məni heyran etdi və dünya ulduzu Şarlz Aznavurun səsinə bənzətdim. Hətta deyərdim ki, ondan gözəl səsi var. Fərid Məmmədovun, onun böyük səhnə gələcəyini görürəm. Min dəfə bravo!” Qeyd edək ki, Robertino Lorettinin Fərid Məmmədovun səsi ilə müqayisə etdiyi dünya ulduzu Şarl Aznavur erməni əsilli fransız müğənnisidir. Tələbəsinin uğurundan fərəhlənən Aybəniz xanım, inanılmaz sevinc və qürur hissi duyduğunu bildirdi: "Bu gün Azərbaycan musiqi incəsənətinin ifaçılıq məktəbinin ən zirvə ifaçısı Şövkət Ələkbərovanın məktəbinin nəvəsi sayılan mən, bir müəllim kimi həddsiz xoşbəxt oldum. Mənim 6 yaşından dərs verdiyim tələbəm belə yüksək qiymət aldı. Bu tək mənim yox, bütün Azərbaycanın uğurudur. Menim tələbəm Fərid Məmmədov ifasıyla sübut etdi ki, nəinki İtaliyada, digər xarici ölkələrdə, Azərbaycanda da yüksək ifaçılıq məktəbi var. İctimai Televiziya sağ olsun ki, bu gün mənə imkan yaratdı ki, dünya şöhrətli sənətkarın qarşısında öz tələbələrimi göstərə bildim. Eşq olsun Azərbaycan musiqisinə və onun böyük Şövkət Ələkbərova məktəbinə!"