Aypara” instrumental triosu dünya şöhrətli müğənni Araşdan təklif alıb.
Trionun üzvlərindən biri, kamança ifaçısı Pərviz Fərhadovun Gün.Az-a verdiyi açıqlamaya əsasən, bir müddət əvvəl ifa etdikləri “Bora bora”nın müəllifi Araş onlarla birgə mahnını oxumaq istədiyini bildirib.“Beynəlxalq festivallardan birində Araşın “Bora bora” mahnısını oxumuşduq. Daha sonra onu lentə almaq qərarına gəldik və mahnıya klip də çəkdirdik. Onu da deyim ki, “Bora bora” mahnısına çəkdirdiyimiz klipin YouTube kanalında sürətlə baxış sayı artır”.P.Fərhadov Araşdan aldıqları təklif barədə də danışdı:“Araş istəyir ki, “Bora bora”nı bizimlə canlı ifa etsin. Düzdür, biz onun mahnısını icazə almadan ifa etmişik. Amma eşitmişik ki, Araş bizim ifamızı çox bəyənib. Araş dünya şöhrətli müğənnidir, onunla birgə çıxış etmək yaxşı olardı”.Kamança ifaçısı söhbət əsnasında onu da bildirib ki, “Bora bora”dan başqa, rus xalq mahnısı “Kalinka”nı da ifa ediblər:“Xarici mahnını ifa etmək, ondan xəbər verir ki, istifadə edilən musiqi aləti olduqca zəngindir. Sadəcə, ondan istifadə etmək, dərinliklərini açmaq lazımdır. Bizim əcnəbi musiqiləri tarda və kamançada ifa etməyimizi də yenilik hesab etmək olar. Onu da deyim ki, gələcəkdə türkiyəli saksafon ifaçısı Hüsnü Şenlendirici ilə birgə layihələr etmək niyyətimiz var. Hətta ona müraciət etmək istəyirik.Qeyd edək ki, “Aypara” instrumental triosu - kamança ifaçısı Pərviz Fərhadov, tarzən Ədalət Behbudov, nağara ifaçısı Əlipaşa Talıbov yaxın zamanlarda instrumental musiqilərin müşayiəti ilə “Kapellhaus”da konsert verəcəklər.