Dünya Siyasət Forumu başa çatdı

DÜNYA
00:51 19.05.2012
1791

17 May 2012-ci il tarixində İstanbulda işə başlamış Dünya Siyasət Forumu 18 May tarixində başa çatmışdır. AZXEBER.COM-un məlumatına görə, iki gün davam edən forumda dünyanın siyasi və iqtisadi böhranlardan xilas olmasının yolları, münaqişələrin həlli, siyasi və iqtisadi münasibətlərin yeni müstəvidə tənzimlənməsi, enerji təhlükəsizliyi, dünyada baş verən proseslərin bölgəyə təsiri və digər məsələlər müzakirə olunmuşdur. 

Təşkil olunmuş panellərdə çoxtərəfli, ədalətli, iqtisadi münasibətlərin, bəşəriyyəti birləşdirəcək mədəni əlaqələrin qurulması, dini, mədəni dəyərlər, gender məsələsi, enerji təhlükəsizliyi, beynəlxalq təşkilatların problemlərin həllindəki rolları ilə bağlı dövlət adamları, mütəxəssislər, alimlər və analitiklərin iştirakı ilə müzakirələr aparılmış, diskussiyalar keçirilmişdir.

Azərbaycandan forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ceyhun Osmanlı və Qənirə Paşayeva iştirak etmişlər.

Qeyd edək ki, tədbirə dünyanın müxtəlif 48 ölkəsindən nazirlər, baş nazirlər, 200-dən çox yüksək səviyyəli rəsmilər, tanınmış siyasətçilər, qeyri-hökumət təşkilatları və nüfuzlu KİV rəsmiləri qatılmışlar.

OXŞAR XƏBƏRLƏR