İcraiyyə Komitəsinin iclasından sonra AFFA prezidenti Rövnəq Abdullayev brifinq keçirib.
AZXEBER.COM-un Apasport.az saytına istinadən məlumatına görə, assosiasiya rəhbəri iclasda yaşananlar haqqında jurnalistləri məlumatlandırıb.
- İcraiyyə Komitəsinin iclası oldu. İclasın gedişi barədə nə deyə bilərsiniz?
- İclas çox normal keçdi. Bir neçə qlobal sual vardı. İlk növbədə yeni baş məşqçi seçilməli idi. İcraiyyə Komitəsinin üzvləri yekdilliklə Berti Foqtsun baş məşqçi olmasına razılıq verdi. Tam səmimi deyirəm ki, bunu açıq şəkildə müzakirə etdik. Bütün müsbət və mənfi cəhətlər haqqında danışdıq. Foqtsa da dəvət göndərmişdik. Onu dinlədik və daha 2 il postunda qalmasına dair qərar qəbul etdik. Tələblərimiz müqavilədə əks olunacaq. Ondan xahiş etdik ki, köməkçilərinin sayını çoxaltsın. Bundan maksimum yararlanmalıyıq ki, Foqts gənc məşqçilərin hazırlanmasına da öz töhfəsini versin. Onlar həm millidə məşqçi kimi işləsin, həm də burda təcrübə keçsin. Ən böyük qərar uşaq futbolunun inkişafı ilə bağlı oldu. Bilirsiniz ki, bəzi klublar uşaq futboluna yer ayırır. Ancaq bəzilərində bu sənəddədir, reallıqda isə belə deyil. Biz radikal addım ataraq, AFFA-nın hesabına xarici məşqçiləri 10 Premyer Liqa klubuna ezam etdirəcəyik. Onların əmək haqqını və bütün xərclərini AFFA ödəyəcək. Həmin məşqçilər ancaq həmin klublarda uşaq futboluna nəzarət edəcək. Biz onların vasitəsilə biləcəyik ki, həmin klublarda uşaq futbolu hansı səviyyədədir və məşqlər necə gedir. İnanırıq ki, bu addım gənc futbolçuların yetişməyinə töhfə verəcək.
- Daha sonra hansı qərar qəbul etdiniz?
- Qərar qəbul etdik ki, bütün klublarda fiziki hazırlıq üzrə məşqçi olsun. Klublara yanvar ayına kimi vaxt verilib. Yanvarın 1-dən bu qərar qüvvəyə minəcək. Çünki biz düşünürük ki, bəzi Premyer Liqa klublarında fiziki hazırlıq üzrə məşqçi yoxdur. Bəzi baş məşqçilər hesab edir ki, özüm fiziki hazırlığa da nəzarət edirəm, bu mənə lazım deyil. Ancaq belə olmamalıdır. Avqustda qərar qəbul etmişdik ki, futbolun ictimailəşməsi üçün klublarda İdarə Heyəti (Müşahidə Şurasını nəzərdə tutur) yaradılsın. Budəfəki qərarda isə göstərildi ki, həmin İdarə Heyətində AFFA-dan da minimum bir adam olsun. Qoy görək ki, o klublarda qərarlar necə qəbul olunur və futbolun inkişafına hansı töhfələri verir. Bəzi klublarda hələ də belə bir struktur yaradılmayıb. Onlara növbəti mövsümün əvvəlinə kimi vaxt verdik. Hansı klubda İdarə Heyəti olmasa, onlara qarşı ciddi nizam-intizam tədbirləri görüləcək.
- Berti Foqtsdan tələbləriniz arasında 2016-cı ildə keçiriləcək Avropa çempionatına çıxmaq qarşısı qoyulub?
- Ötən seçmə mərhələni təhlil etdik. Hətta Foqtsa biz ötən tsikldən razılığımızı bildirsək də, o özü bundan narazılığını ifadə etdi. Dedi ki, 9 xaldan biz razı qala bilmərik, buna sevinmək lazım deyil. 9 xal rekord olsa da, bu, 16 xal da ola bilərdi. Dünya tarixində 97-ci dəqiqədə qol vurulmamışdı. Belə bir şey yalnız bizim başımıza gəldi. Şimali İrlandiya 97-ci dəqiqədə qapımıza qol vurub qələbəmizi əlimizdən aldı. İndi buna da hazır olmalıyıq.
- Foqtsun klub məşqçiləri ilə fəaliyyəti necə tənzim olunacaq?
- Onun klub məşqçiləri ilə birgə çalışması üçün müəyyən şərait yaradılacaq. Hətta yanvarda klubların təlim-məşq toplanışları olan yerlərdə Foqts da orda olacaq. O özü məşqçilərlə birgə klubların düşərgəsində iştirak edəcək. Seleksiyaçılar vasitəsilə yeni gəncləri milliyə cəlb etməyə çalışacağıq. Start heyətdə 2 21 yaşadək futbolçunun növbəti mövsümdən olmasının mənfi tərəfləri olmasını qəbul edirik. Ola bilər ki, bununla kimlərinsə haqqı pozulur. Ancaq 2016 və 2020-ci il Avropa çempionatlarına hazırlaşmaq üçün qeyri-populyar addım atmağa məcburuq. 6-7 ildən sonra 26-27 yaşlı futbolçularla 2018-ci il seçmə mərhələsində iştirak edək. 2020-ci ildə Bakı namizəd şəhərdir. Şanslarımız da böyükdür. Avropa çempionatının qrup oyunlarının bura salınması keçilməz bir şey deyil. Sadəcə, bunun üzərində işləmək lazımdır. Bunu edəcəyik də. Ancaq həmin çempionatda bizim yığmanın olmaması üzücü olacaq.