Dünya təcrübəsi Azərbaycana gəlir – Bakı küçələri avtomobillərdən təmizlənəcək?

Dünya təcrübəsi Azərbaycana gəlir – Bakı küçələri avtomobillərdən təmizlənəcək?
SOSİAL
16:41 28.09.2026
194
Xəbər verdiyimiz kimi Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinə tətbiq olunan məhdudiyyətlər həftənin bütün günlərini əhatə edəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, indiyədək həftəsonları tətbiq olunan məhdudiyyətlər oktyabrın 5-dən test rejimində həftənin bütün günlərinə şamil ediləcək. Dəyişikliklər Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə aid olacaq.

AYNA bildirir ki, qərarın əsas məqsədi piyada zonaları arasında əlaqəliliyi artırmaq, piyadaların daha rahat və təhlükəsiz hərəkətini təmin etmək, həmçinin şəhər mərkəzinin turizm və biznes potensialını inkişaf etdirməkdir. Fərdi parklanma talonuna malik sakinlərin, eləcə də operativ, tibbi, kommunal və logistika xidmətləri göstərən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin ediləcək.

Bakıda mərkəzi küçələrin piyadalar üçün daha əlçatan edilməsi ilə bağlı yeni mərhələyə başlanılması dünyada son illərdə geniş yayılan şəhərsalma tendensiyasını da gündəmə gətirir. Dünyanın bir sıra böyük şəhərlərində avtomobillərin şəhər mərkəzlərindən uzaqlaşdırılması, piyada zonalarının genişləndirilməsi və ictimai məkanların yenidən təşkili istiqamətində layihələr həyata keçirilir.

Bəs bu cür dəyişikliklər şəhərlərə nə verir? Avtomobillərin müəyyən küçələrdən çıxarılması həqiqətən nəqliyyat sıxlığını azaldırmı? 

AZXEBER.COM xəbər verir ki,  İspaniyanın Barselona şəhərində bu məqsədlə "Superblock” modeli tətbiq edilir. Model çərçivəsində bir neçə şəhər bloku vahid ərazi kimi təşkil olunur, daxili küçələrdə avtomobil hərəkəti məhdudlaşdırılır və ictimai məkanın daha böyük hissəsi piyadalara ayrılır.

Barselonada aparılan araşdırmalarda belə ərazilərdə yaşayan və işləyən insanların daha sakit mühit, daha az səs-küy və çirklənmə, eləcə də daha rahat piyada şəraiti barədə müsbət fikirlər bildirdiyi müəyyən edilib.

Lakin avtomobillərin müəyyən küçələrdən çıxarılması heç də həmişə şəhərin ümumi nəqliyyat yükünün avtomatik azalması anlamına gəlmir. Bəzi hallarda nəqliyyat axınının alternativ küçələrə yönəlməsi həmin ərazilərdə sıxlığın artmasına səbəb ola bilər. Bu səbəbdən şəhər mərkəzlərinin avtomobillərdən azad edilməsi zamanı yalnız bağlanan küçələr deyil, ətraf yol şəbəkəsi və alternativ nəqliyyat imkanları da nəzərə alınır.

Piyada zonalarının genişləndirilməsinin şəhər iqtisadiyyatına təsiri də beynəlxalq təcrübədə araşdırılan məsələlərdəndir.

Danimarkanın paytaxtı Kopenhagendə yerləşən Strøget dünyanın tanınmış piyada alış-veriş küçələrindən biridir. Təxminən 1,1 kilometr uzunluğunda olan küçə şəhərin əsas meydanlarından ikisini birləşdirir və həm yerli sakinlər, həm də turistlər üçün mühüm kommersiya və ictimai məkan hesab olunur.

Belə ərazilərin yaradılması bəzi şəhərlərdə piyada axınının və ictimai məkanlardan istifadənin artmasına, biznes obyektlərinin isə daha çox müştəri cəlb etməsinə imkan verib. Bununla yanaşı, parklanma, yükdaşıma və obyektlərə xidmət göstərən nəqliyyat vasitələrinin hərəkəti kimi məsələlərin əvvəlcədən həll edilməsi vacib hesab olunur.

Dünya təcrübəsi göstərir ki, şəhər mərkəzlərinin avtomobillərdən azad edilməsi bir tərəfdən piyada rahatlığını, ictimai məkanlardan istifadəni və bəzi hallarda hava keyfiyyətini yaxşılaşdıra bilər. Digər tərəfdən isə nəqliyyat axınının alternativ küçələrə yönəlməsi, parklanma və logistika kimi yeni problemlər yarada bilər.

Bakıda tətbiq olunacaq yeni qaydaların nəticələrinin necə olacağı isə oktyabrın 5-dən başlayacaq test mərhələsindən sonra daha aydın görünəcək.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR