Dünyada Azərbaycanla bağlı saat xaosu: ‘Hamı çaşbaş qalıb’

SOSİAL
20:07 20.05.2016
2814
Martın 17-də Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində yay vaxtına keçid rejiminin ləğv olunması martın 27-dən etibarən ölkədə saat xaosu yaradıb. Bir tərəfdən smart telefonlarda, onlayn proqramlarda avtomatik olaraq saatın çəkilməsi, digər tərəfdən beynəlxalq səviyyədə bu qərarın tətbiq olunmaması həm ölkə əhalisini, həm də xarici ölkələrdən Azərbaycanla əlaqə yaratmaq istəyənləri çaş-baş salıb.
Vəziyyət o həddədir ki, hətta GOOGLE şirkətinə belə, Azərbaycanda GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtına keçildiyi barədə məlumat verilməyib və nəticədə bütün GOOGLE alətləri, gmail və sair 1 saat irəli işləyir.
Bu dəyişiklik edilərkən Nazirlər Kabineti ölkəmizdə yay və qış vaxtlarına keçidin bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərə səbəb olduğunu nəzərə alaraq qərar verdiyini bildirsə də, hazırda əvvəlki dövrlə müqayisədə daha çox problem yaşanır.
Azərbaycan İnternet Forumun prezideti Osman Gündüz də musavat.com-a açıqlamasında bildirdi ki, bunun səbəbi hökumətin qərarın icrası ilə bağlı zəruri addımları atmamasıdır:“Hazırda Azərbaycan saatı ilə bağlı belə, bir problem yaşanır. Səbəb odur ki, mart ayının əvvəlində Nazirlər Kabineti saatların irəli çəkilməsinin ləğvi ilə bağlı qərar verərkən, hökumətin bu qərarın icrası üçün hazırlıqları yetərli deyildi. Düzdür, hökumət qərar verdi, lakin qərarın icrası istiqamətində addımlar atılmadı. Yəni, qərar həm real dünyada, həm də virtual dünyada tətbiq olunmalı idi. Çünki, virtual dünyanın da öz nizamı var. Virtual dünyada bizim istifadə etdiyimiz proqramlar, əməliyyat sistemləri var. Bu sistemlərin arxasında bir şirkət dayanır və həmin şirkətin saatla bağlı bu informasiyanı götürdüyü bir neçə mərkəz var. Yəni, dünyada Azərbaycanla, digər ölkələrlə bağlı saat qurşağı haqqında məlumatlı olan bir mərkəz var. Azərbaycan hökuməti də qərar verəndən sonra həmin mərkəzdə olan informasiyaları yeniləməli idi. Bütün dünyanın saat qurşaqları haqqında məlumat bir mərkəzdə olur. Əməliyyat sistemi istehsalçıları, proqram istehsalçıları, elektron avadanlıq istehsalçıları öz məhsullarının yaddaşına həmin mərkəzdən götürdükləri məlumatları daxil edirlər. Problem ondadır ki, Azərbaycan hökuməti gec də olsa, o mərkəzdəki informasiyanı yenilədi. Amma “Microsoft”, “Apple”, dünyanın digər nəhəng proqram və avadanlıq istehsalçıları üçün bu saatları yeniləmək üçün vaxt lazımdır. Onlar həmin mərkəzdən gələn informasiyanı 1-2 aydan sonra yeniləyirlər”.
Ekspertin sözlərinə görə, məlum qərar martın 27-ə 10 gün qalmış yox, bir neçə ay əvvəldən verilməli idi:“Rusiya da bizim kimi qərar qəbul elədi ki, daha saatı dəyişməyəcəklər. Ancaq bu qərarı 3 ay öncədən qəbul elədi. O müddət sadaladığımız şirkətlərə kifayət elədi ki, öz informasiya sistemlərini yeniləsinlər və oraya yeni saat qurşağı ilə bağlı məlumatı daxil etsinlər. Ancaq Azərbaycan bunun üçün cəmi 10 gün vaxt tanıdı. Martın 17-də qərar verildi və ayın 27-dən tətbiq edildi.
Əslində hökumətin qərarı mahiyyət etibarilə düzdür. Mən də onu dəstəkləyirəm ki, saatı dəyişdirməmək faydalıdır. Ancaq bu qərarı bir neçə ay öncədən qəbul etmək lazım idi. Əgər qərarı gec qəbul etmişdilərsə, o zaman Azərbaycan hökuməti həmin beynəlxalq şirkətlərə, onların Azərbaycandakı nümayəndəliklərinə xəbər verməli idi. Həmin nümayəndəlikləri toplayıb, onlarla bir yerdə tədbir keçirib məlumatlandırmalı idi. Deməli idi ki, biz ləngimişik, xahiş edirik öz şirkətlərinizə xəbər verəsiniz ki, Azərbaycanla bağlı saat məlumatını yeniləsinlər. Təəssüf ki, həm vaxt dar olub, həm də nümayəndəliklərlə iş aparılmayıb. Bu iş qlobal şirkətlərin öz ixtiyarına buraxılıb. Ona görə də, o şirkətlər nə vaxt öz məlumatlarını yeniləsələr, o zaman onların məhsullarında bizim vaxtla bağlı düzgün məlumat öz əksini tapacaq”.

OXŞAR XƏBƏRLƏR