Rusiya ən çox kiberhücum edən ölkələr sırasında birinci yerdədir. Siyahıda bu ölkəni ABŞ izləyir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Defence Technologies Engineering and Trade Inc.” (STM) beynəlxalq araşdırmalar mərkəzinin hesabatında məlumat dərc olunub.
STM-nin kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən hazırlanan hesabatda 8 fərqli mövzu yer alıb. Hesabatda təşkilatların kiber təhdidlərə qarşı müqavimətinin artırılmasında ön plana çıxan Kiber Dayanıqlılıq Qaydası, süni intellekt vasitəsi ChatGPT-yə edilən kiberhücumlar və dünyada ən çox kiberhücum edən ölkələr kimi mövzular yer alıb.
STM hesabatında bildirilib ki, ChatGPT 8 noyabr 2023-cü ildə DDOS (Distributed Denial of Service) hücumu ilə üzləşib və bunu OpenAI-nin baş direktoru da təsdiqləyib. Hücumu 2023-cü ilin əvvəlindən bir çox ölkədə DDOS hücumlarından istifadə edən, bir çox veb-sayt və ya infrastrukturu zərərli trafik axınına məruz qoyan Anonymus Sudan öz üzərinə götürüb.
STM-in məlumatları dünya üzrə ən çox kiberhücumlara məruz qalan ölkələri də açıqlayıb.
2023-cü ilin oktyabr, noyabr və dekabr aylarında STM-in honeypotlarına (tələ serverlərinə) ümumilikdə 1 milyon 836 min hücum qeydə alınıb. Ən çox hücum edən ölkə 227 minlə Rusiya, 141 minlə isə ABŞ ikinci yerdədir. Bu yerləri müvafiq olaraq Polşa, Estoniya, Ukrayna, Hindistan, Vyetnam, Sinqapur, Bolqarıstan və İran tutub.
Mikayıl