Yanvar ayında bütün dünya üçün uzaq və əhəmiyyətsiz görünən Koronavirus (COVID-19) pandemiyası mart ayının sonlarına doğru bütün dünyanın qorxulu röyasına çevrilməyə, hər gün minlərlə can almağa başladı. Pandemiya bugün də bütün insanlığı təhdid altında saxlamaqda, dünya üçün ağır nəticələrini aradan qaldırmağa uzun illərin lazım olacağı ciddi iqtisadi-siyasi problemləri miras qoymaqdadır.
Bütün dünyanı cənginə alan bu pandemiya həm də müxtəlif ölkələr üçün bir gözlənilməz imtahan rolunu oynadı. Tamamilə məsuliyyətlə demək olar ki, hər zaman səhiyyəsi, sosial dövlət modeli bizə örnək kimi göstərilən qüdrətli dünya dövlətləri belə koronavirusla mübarizədə "sinifdə qalaraq”, ağır bədəllər ödəməyə məcbur qaldılar. Bugün də dünya ölkələri COVID-19-la mübarizədə effektiv yollar axtarır, öz imkanlarına müvafiq mübarizə metodları, yanaşmaları təqdim edirlər.
Birmənalı qaydada demək olar ki, Azərbaycan Respublikasının Koronavirus pandemiyasına qarşı tətbiq etdiyi uğurlu mübarizə modeli bir çox yönləri və istiqamətləri ilə təqdirə və öyrənilməyə layiqdir. Təsadüfi deyil ki, Azərbaycanın virusla mübarizə çərçivəsində tətbiq etdiyi qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər və onların icrasına nəzarət mexanizmi, sosial həssas qruplara aid vətəndaşlara göstərilən dövlət qayğısı, bu dəhşətli xəstəliklə mübarizədə əldə olunan xalq-dövlət həmrəyliyi bütün dünya mediasının diqqət mərkəzindədir.
Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan dövləti Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında öz vətəndaşlarını bu dəhşətli virusun təsirlərindən qorumaq üçün yalnız ölkə sərhədləri daxilində deyil, xaricdə də ciddi və məqsədyönlü iş ortaya qoydu. Xarici İşlər Nazirliyi, Diasporla iş üzrə Dövlət komitəsi, səfirlik və xarici ölkələrdəki diaspor qurumlarımız səfərbərlik elan edərək, vətəndaşlarımızın ehtiyaclarının qarşılanması istiqamətində çevik və effektiv fəaliyyət sərgilədilər.
Qısa zaman ərzində 10 minə yaxın xaricdə yaşayan azərbaycanlının vətənə gətirilməsi və onların hər birinin heç bir problem olmadan 14 gün ərzində karantində saxlanılmasının təmin edilməsi dövlətimizin real gücünün göstəricisi sayıla bilər.
Təmsil etdiyim Polşadakı Azərbaycan Evi də Diasporla iş üzrə Dövlət Komitəsinin böyük dəstəyi sayəsində bu fövqəladə vəziyyətdə həmyerlilərimizə müvafiq dəstək verilməsi üçün çevik fəaliyyət planı həyata keçirdi. Qürurla demək olar ki, hər birimiz üçün olduqca çətin bir dövrdə Polşada köməksiz vəziyyətdə qalan həmyerlilərimizin ilk üz tutduğu məkan məhz Azərbaycan Evi oldu və Azərbaycan evi soydaşlarımızın ümid yerinə, sığınacağına çevrildi.
Bu çətin və məsuliyyətli günlərdə Polşa azərbaycanlıları olaraq Komitə sədri Fuad Muradovun "Xaricdəki Azərbaycan Evləri Azərbaycanın bir parçasıdır” ifadəsinin real təzahürünü və nəticəsini görmüş olduq.
Təəssüflə qeyd etməliyəm ki, bizim yaşadığımız və fəaliyyət göstərdiyimiz Polşa xüsusilə bu pandemiyanın iqtisadiyyata olan mənfi təsirlərini minumuna endirməkdə çətinlik çəkir. Polşalı deputat Kristian Kaminskinin proqnozlarına əsasən koronavirus pandemiyası səbəbi ilə bu ölkədə işsizliyin səviyyəsi kəskin şəkildə yüksələcək. Proqnozlara görə, bir neçə ayda 2 milyon polyak (hər on beşinci işçi) iş yerlərini itirə bilər.
Bundan başqa, Polşada saata görə maaş alanların müqavilələrinin sığortalanmadığını nəzərə alsaq, vəziyyətin daha da ağır olacağı gözləniləndir.
Xarici vətəndaşlar da Polşada iş yerlərini itiriblər və hazırda Polşa hökuməti onlara heç bir təzminat ödəmir. Ehtimallara görə, Polşa bu ağır iqtisadi yükü daha çox çəkmək gücündə deyil və bu səbəbdən ölkə sərhədlərinin mayın 10-dan daha tez açılacağı nəzərdə tutulub.
Zaman etibari ilə tarix üçün olduqca qısa, yaratdığı problemlərin miqyasına görə isə olduqca çətin və məsuliyyəli dövr hesab edilən bu aylarda baş verənlər və onlara dövlətimizin çevik reaksiyasından sonra bir daha xaricdə yaşayan bir azərbaycanlı olaraq, bu vətənin sıravi bir nəfəri olmaqdan, sinəmdə müstəqil Azərbaycanın pasportunu daşımaqdan növbəti dəfə böyük qürur və güvənc hissi keçirdim.
Təşəkkürlər, Azərbaycan, təşəkkürlər Cənab Prezident!
Lalə ZEYNALOVA
Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru
Polşa Azərbaycan Evinin rəhbəri