Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda bütün sahələr kimi idman da uğurla inkişaf edir. Qeyd edək ki, dövlət başçımızın diqqət və qayğısı bu sahənin inkişafını təmin etməklə yanaşı, idman sahəsində çoxsaylı nailiyyətlərin əldə edilməsinə də təkan verib. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Əldə olunan nəticələr də onu deməyə əsas verir ki, idman sahəsində inkişaf olduqca uğurla davam edir. Azərbaycan idmançıları iştirak etdikləri beynəlxalq yarışlarda, qeyri-olimpiya və olimpiya növlərində hər zaman mühüm nəticələr əldə edirlər. Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biridir. Son illərdə idmançılarımızın istər kütləvi, istərsə də fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirib. Aparıcı beynəlxalq idman qurumları Azərbaycanı idman ölkəsi kimi tanıyır.
Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır və məhz dövlətimizin başçısının gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə, sağlam həyat tərzi sürmələrinə, idmana verdiyi yüksək önəm bu gün Azərbaycan idmançılarının Avropa və Dünya çempionatlarında, Olimpiya oyunlarında əldə etdikləri uğurları şərtləndirən başlıca amildir.
İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini müəyyənləşdirən vacib meyarlardan biri hesab olunur.
İdmanda böyük nəticələr güclü hazırlıq tələb edir. Ən əsası, yüksək hazırlıq keçmək üçün əlverişli, müasir tələblərə cavab verən infrastruktur yaradılmalıdır ki, bunun üçündə dövlətimiz tərəfindən bütün şərait yaradılıb.
Fəaliyyəti bir əsrdən artıq dövrü əhatə edən Beynəlxalq Olimpiya Hərəkatına qoşulmuş bir çox ölkələr Olimpiya fəlsəfəsinin təbliği, Olimpiya Oyunlarında iştirak və hazırlığının təşkili məsələlərində uzun müddətli təcrübəyə malikdirlər. İdman yarışları arasında xüsusi yer tutan Olimpiya Oyunları dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.
Azərbaycan idmançılarının Paris Yay Olimpiya Oyunlarında göstərdikləri nəticə, ölkəmizin dünyanın ən güclü 30 ölkəsi arasında yer alması böyük nailiyyətdir və əldə olunan uğur sübuta yetirir ki, Azərbaycan güclü idman dövlətidir.
Cənab Prezident XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı qeyd edib ki, "Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir” deyə dövlət başçısı qeyd edib.
Həmçinin dövlət başçısı çox mühüm bir məqama diqqət çəkdi və idmançılarımızın davranış qaydalarının hər bir azərbaycanlını sevindirdiyini vurğuladı. Həqiqətən də, olimpiyaçılarımız, xüsusilə də qızıl medal qazanan, digər yüksək mükafatlara layiq görülən idmançılarımız öz davranışları ilə yüksək idman mədəniyyəti nümayiş etdirməklə yanaşı, ləyaqətli, qürurlu, ədalətli azərbaycanlı obrazının bütün cizgilərini qabarıq şəkildə təqdim etməyi bacardılar və bu Azərbaycan idmanının ikiqat uğuru kimi hesab edilir.
Qeyd olunanlar onu deməyə əsas verir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız böyük uğurlar qazanaraq vətənimizə zəfərlə dönəcəklər. Dövlət başçısı tərəfindən idman sahəsinə göstərilən diqqət, qayğı idmançılara göstərilən etimad, idman ictimaiyyəti tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır. Tam məsuliyyətlə demək olar ki, bu gün Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsində dövlət qayğısını əks etdirən bu kimi görüşlərin böyük rolu var.
Naftalan şəhər sakini Fuad Əliyev